Meliorasiyada qayda-qanun niyə yaradılmır? Və ya "Babək-CK” MMC niyə belə matah olub..

10:16 13-03-2021 369

"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin strukturuna daxil olan Kürdəmir Suvarma Sistemləri İdarəsində baş verən maliyyə pozuntuları ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Həmin məlumatda qeyd edilir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədov Kürdəmir rayon sakini Zahir İsmayılovla əlbir olaraq şübhəli maliyyə əməliyyatları həyata keçiriblər.

Məlumata görə, guya Zahir İsmayılov Kürdəmir Suvarma Sistemləri İdarəsinə  "beton üzlüklü və nov kanalların, hidrotexniki qurğuların, istehsalat binalarının əsaslı və cari təmiri üçün mal-materiallar” satıb.

Bunun müqabilində isə Kürdəmir Suvarma Sistemləri İdarəsi Zahir İsmayılovun direktor olduğu "Babək-CK” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına nə az, nə çox düz 157 min manat pul köçürüb. Məlumatlı mənbənin verdiyi məlumata görə Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan bu MMC-nin nə bir istehsal sahəsi, nə  hansısa mal-materialı saxlamaq üçün anbarı, nə də onları daşımaq üçün müvafiq texnikası mövcud deyil.

Məlumatlı mənbə bildirir ki, əgər Zahir İsmayılovun rəhbərlik etdiyi "Babək-CK” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilər siyahısına, onlar üçün ödədiyi vergi və sosial ödənişlərə baxılsa, bu şirkətin saxta maliyyə əməliyyatlarından başqa heç bir ciddi biznes əməliyyatı həyata keçirmədiyi məlum olar. 

Bundan başqa, Mollakənd Mexaniki Suvarma İdarəsi “Babək-CK” MMC ilə müqavilə imzalayıb. Maliyyə dəyəri 146 886.4 AZN olan müqavilədə Hidrotexniki qurğuların və kanalların cari təmiri üçün materialların satın alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Babək-CK” MMC 4 mart 2009-cu ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Kürdəmir rayonu Xırdaparay kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Şiralıyev Səftər Eybalı oğludur.

İnternet resurslarında apardığımızdan araşdırmalar nəticəsində aydın olub ki, “Babək-CK” MMC əsasən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan strukturların keçirdiyi tenderlərin qalibi olur. Bu sırada Kürdəmir Rayon Suvarma Sistemləri İdarəsinin adı xüsusi olaraq vurğulanmalıdır.

Yeri gəlmişkən, Mollakənd Mexaniki Suvarma İdarəsi də Kürdəmirdə fəaliyyət göstərir. Qurum su nasosları vasitəsi ilə Kür çayından Kürdəmir rayonunun 30-a yaxın kəndinin su ilə təminatını və 40 min hektara yaxın əkin sahəsinin suvarılmasını həyata keçirir.

İdarənin xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçi var. İnternet resursları bu idarə barədə neqativ materiallarla zəngindir. Həmin materiallarda qeyd edilir ki, bu qurumun rəhəbrəliyi tez-tez dəyişir. 

“Babək-CK” MMC də büdcə vəsaitlərinin qaranlıq məqsədlərə xərclənməsində əsas oyunçulardan biridir. Yəni, Kürdəmir Suvarma Sistemləri İdarəsi, həmçinin Mollakənd Suvarma İdarəsinin tenderlərinin məhz bu şirkətin udması təsadüfi deyil. MMC-nin əvvəlki rəhbəri Zahir İsmayılov olub.

Kürdəmir sakini olan bu şəxsin Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə yaxın şəxs olduğu bildirilir. Onun dövründə əsasən “Babək-CK” MMC sözügedən idarənin elan etdiyi satınalma müsabiqələrində qalib olub. Şirkətin indiki qanuni təmsilçisi Səftər Şiralıyev barəsində isə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Ehtimal olunur ki, onun MMC-nin qanuni təmsilçisi olması formal xarakter daşıyır.

Məlumatlı mənbə onu da bildirir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsində baş verən maliyyə pozuntuları, korrupsiyaya  oxşayan fırıldaqlar çox baş verir. İddia olunur ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin ştat cədvəlində adı olan işçilərin bir hissəsinin yalnız adı mövcuddur.

Mənbə bildirir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin ştat cədvəlində adı keçən işçilərin adına olan bank kartları ilə əmək haqqının alınması prosesi dəqiq yoxlanılsa, bir nəfərin bir neçə nəfərin yerinəbank kartı ilə bankomatdan pul çıxardığı aşkar olunar. Bu isə belə qənaət yaradır ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin ştat cədvəlində ölü canlar mövcuddur. Onların adlarına yazılan əmək haqqı isə ayrı-ayrı adamların cibinə gedir.

Vəzifə borcumuz olaraq bu faktlara Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədovun münasibətini öyrənmək istəsək də, cəhdimiz nəticə vermədi. 

Hələlik isə "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin də, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədovun da mövqeyini dinləməyə hazırıq.

Mənbə "Yeni Sözçü" qəzeti