Son 2 ayda 33 milyonluq tender udan iş adamı kimdir?

10:23 13-03-2021 378

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu gün -12.03.2021-ci il tarixində dərc olunan məlumatda 4 lot üzrə keçirilən tender müsabiqəsinin qalib “Sevinc-96” MMC  (VÖEN- 2100010871) olub.

“Sevinc-96” MMC Neftçala Suvarma Sistemləri İdarəsinə 871 min manatlıq xidmət və məhsullar təqdim edəcək. Bundan başqa dünən açıqlanan məlumatda “Sevinc-96” MMC-nin Salyan Suvarma Sistemləri İdarəsinə də 116 min manatlıq xidmət və məhsullar təqdim etdiyi qeyd olunub.

Ümumilikdə isə bu ilin əvvəlində ötən 2 aylıq dövr ərzində  “Sevinc-96” MMC  “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan ayrı-ayrı idarələrə 33 milyon manatlıq xidmət və məhsul satıb.

“Sevinc-96” MMC 31.07.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev, ev 45, m. 1-də yerləşən MMC-nin nizamnamı kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Haxıyev Yusif Camal oğludur.

Maraqlı məqamlardan biri odur ki, 20 manat nizamanamı kapitalı olmasına baxmayaraq cəmi 2 ay ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi 33 milyon manatlıq onlarla tender müsabiqəsinin qalibi olan “Sevinc-96” MMC-nin veb-səhifəsi belə mövcud deyil.

Onu da bildirək ki, mətbuatda “Sevinc-96” MMC-nin əsl sahibinin Salyanda Hacı Qurban olaraq tanınan iş adamı  Abasov Qurban İsmayıl oğlu olduğu barədə dəfələrlə məlumat yayılıb.

Qeyd edək ki, Abasov Qurban İsmayıl oğlu “Sevinc-96” MMC ilə eyni ildə - 1996-cı ildə dövlət qeydiyyatına alınan “İlkin-N”  MMC-nin qanuni təmsilçisidir. 2013-cü ildə mətbuata verdiyi açıqlmada “Sevinc-96” MMC-nin qanuni təmsilçisi Yusif Haxıyev da “İlkin-N” MMC-nin tikinti üzrə sahə rəisi olduğunu bildirib.

Qurban Abasovun adı 2013-cü ildə mətbuatın gündəminə oğlunun toy karvanında eyni markalı 25 "Mercedes-Gelandewagen" avtomobilinin iştirakına görə gəlib.

Qurban Abasov SSRİ zamanında Azərbaycanın tanınmış dövlət xadimlərindən olan İbrahim Qurbanovun bacısı oğludur. İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunub.

İbrahim Qurbanov Azərbaycan KP MK–nın üzvü, doqquzuncu, onuncu və on birinci çağırış respublika Ali Sovetinin deputatı olub.

2014-cü ildə ürək tutmasından dünyasını dəyişən Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini polis mayoru Əsgər Qurbanov da Qurban Abasovun yaxın qohumu olub.

Qurban Abasovun daha bir yaxın qohumu Aytən Qurbanova ötən il keçirilən sonuncu parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd olub. Aytən Qurbanova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimidir.