Balakənli qazi Rəsul Şabanov: "Bu vəziyyətdə bazarda fəhlə işləməyə gedirəm"

10:33 13-03-2021 486

“Neçə dəfə “Papanin” hospitalına getmişəm, bir adam demir ki, bala, al bu dərmanı, iynəni”

 

Qarabağ müharibəsində könüllü iştirak etmiş Balakənin Püştətala kənd sakini Rəsul Şabanov evə ağır xəsarətlə qayıdıb. Onun sağ tərəfi xəsarət alıb.

Rəsul Şabanov danışır ki, döyüş zonasına keçən il sentyabrın 21-də aparılıb. Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 7-də Suqovuşandan Talış kəndinə yaralıları gətirəndə atılan minamyot mərmisindən qəlpə yarası alıb:

“Sənədlərdə nədənsə oktyabrın 3-də yaralandığım yazılıb. Sağ tərəfdən başımdan və qolumdan yaralanmışdım. Əvvəl Naftalanda xəstəxanada yatdım, əməliyyat etdilər. Sonra oktyabrın 9-dan 18-nə qədər Yevlax xəstəxanasında oldum. Ardınca Kürdəmirə göndərdilər. Axırda “Papanin” hospitalında bütün müayinələri elədilər. Dedilər ki, gözünüzdə böyük problem var, harada olsanız, sizi nəzarətdə saxlayacağıq. Mənə 30 günlük məzuniyyət verdilər”.

Rəsul Şabanovun dediyinə görə, məzuniyyətin 15-ci günündə gözünün çox zəiflədiyini hiss edib, Bakıya hospitala üz tutub:

“Dedilər ki, biz sizə baxa bilmərik. Məzuniyyət bitəndə bir daha getdim. İndi həkimlərin məsuliyyətsizliyindən sağ gözüm görmür. Görmə qabiliyyəti bir faizdən aşağıdı. Ümumiyyətlə, problemim çoxdu. Başımın sağ tərəfində sümük sıradan çıxıb. Sağ qolum da yararsız hala düşüb. Funksiyasını tamamilə itirib. Barmaqlarım quruyur”.

 

24 yaşlı müharibə iştirakçısı heç bir müalicə görmədiyini deyir. Bakıya bir neçə dəfə gəlib-gedib: “Neçə dəfə “Papanin” hospitalına getmişəm. Bir adam demir ki, bala, al bu dərmanı, iynəni. Təkcə bir dəfə başımı yarıb sümüyü götürüblər, vəssalam. Sonra da yola salıblar”.

Rəsul Şabanovun məzuniyyəti yanvarın 5-də bitib. Həmin gündən Bakıdakı hərbi hospitala azı 10 dəfə gəlib-qayıtdığını deyir: “Yekun sənədi heç cür ala bilmirəm. Yola çıxmağa cibimdə pul da qalmayıb. Hərbi hospitalın rəhbərinin yanında da olmuşam, ötür-ötür eləyirlər. Altı aydı sənədlərimi hazırlayıb vermirlər, pensiyaya da çıxa bilmirəm. Keçən ay “Yaşat” fonduna müraciət eləmişəm. 20 gündən çoxdur, amma heç bir xəbər çıxmayıb. Heç olmasa, bir az maddi yardım eləsinlər. Adicə sənədlərin arxasınca getməyə pulum yoxdu. Ondan-bundan borc alıram”.

 

Rəsul Şabanov ailəlidir, bir azyaşlı övladı var. Ailə Balakən şəhərində kirayədə yaşayır. Danışır ki, müharibəyə getməmişdən əvvəl bazarda fəhlə işləyirdi, ailəsini dolandırırdı: “Halal zəhmətimlə evin xərclərinin öhdəsindən gəlirdim, ailəni dolandırırdım. İndi nə ailəni dolandıra bilirəm, nə də müalicə olunuram. Kirayə pulunu da ödəməyə gücüm çatmır. Axırıncı dəfə icra başçısının müavini Mehparə Nuriyevaya zəng vurdum, ondan sonra evin pulunu onlar verirlər. Dəqiq bilmirəm ki, konkret kim ödəyir, eşitdiyimə görə, kənd soveti üzərinə götürüb. Bir dəfə də digər müavin Nəzakət Rüstəmovaya vəziyyətimi danışmışam. Cavab vermişdi ki, mən heç öz kəndçilərimə kömək eləyə bilmirəm, bizim xüsusi fondumuz yoxdu. Köməkdən imtina eləmişdi”.

Rəsul Şabanov çox çarəsiz vəziyyətdə olduğunu söyləyir. Onun sözlərinə görə, ailənin, azyaşlı uşağın maddi ehtiyacları bir tərəfdən, müalicə oluna bilməməsi də digər tərəfdən ona əzab verir:

“Balakənə gələn ən ağır yaralı mənəm. Bir nümayəndə gəlib soruşmur ki, sən bu gün nə yeyirsən? Pensiya işi ilə maraqlanan yoxdu. “Yaşat” fonduna bir dəfə əməliyyatla bağlı müraciət eləmişdim, cavab gəlmişdi. Demişdilər ki, əvvəlcə Bakıya gəlib özünə xəstəxana seçməlisən, növbəti səfərdə isə bizim nümayəndə ilə həkimə getməlisən. Dedim, bacı, siz o qədər şey sayırsız, mən gəlib-gedə bilmirəm axı. Mən bu vəziyyətdə yenə bazara işləməyə gedirəm”.

Ağır vəziyyətdə olmasına baxmayaraq, müharibə iştirakçısı döyüşə getdiyinə görə peşman deyil. Sadəcə, bir az diqqətə layiq olduğunu düşünür: “Mən üzlü adam deyiləm, gedib səsimi qaldırmıram. Analara, bacılara görə müharibəyə getmişdim. Beş oğlum olsa, beşi də döyüşə getməliydi. Pulum olsa, heç müalicə də ummaram. Başımın yarısı yoxdu. Canım çox ağrıyır...”

“Yaşat” Fondundan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

qazi2

qazi

qazi1

Mənbə Meydan TV