Ölü kimi qələmə verilib, torpağı ələ keçirilən 81 yaşlı qadın: Bizə kömək etdiyinə görə şərlənib...

10:35 13-03-2021 504

“Bizə kömək edəndən sonra Natiqi polisə çağırıb hədələdilər”

Martın 12-də Bakı Apelyasiya Məhkəməsində Xəzər rayonu, Türkan qəsəbəsinin sakini Natiq Məhəmmədsoyun həbsi üçün prokurorluğun verdiyi protestə baxılacaq. 1966-cı il təvəllüdlü Natiq Məhəmmədsoy isə günahsız olduğunu, saxtakarlıqla mülkiyyəti əlindən alınan yaşlı qonşuların hüquqlarının müdafiəsində onlara kömək etdiyinə görə cəzalandırıldığını deyir.

Ona qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı Xəzər Rayon Polis İdarəsində aparılır. Müstəntiq Nicat Əliyevin vəsatəti əsasında Xəzər rayon prokuroru Fəxri Ələsgərov məhkəməyə təqdimat verib ki, istintaq dövrü üçün Natiq Məhəmmədsoy barəsində həbs qətimkan tədbiri seçilsin. Lakin məhkəmə təqdimatı təmin etməyib, onun barəsində iyula qədər ev dustaqlığı qətimkan tədbiri seçilməsinə qərar verilib. Prokurorluq da bu qərardan apelyasiya protesti verib.

Natiq Məhəmmədsoy məhkəmədə də bildirib ki, təqsirsizdir, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahın ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilərək, mülkiyyətlərindəki torpaq sahələri zəbt olunmuş 81yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın pozulmuş hüquqlarının bərpasında onlara yardım etdiyinə görə cəzalandırılıb. Natiq Məhəmmədsoy Türkan sakinlərinə vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə onlara yardım edib.

Əzizəxanım Atayeva və Xumara Şabanovanın ölmüş kimi təqdim olunub, əmlakının ələ keçirilməsilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar gedir. Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev və qəsəbə sakini Çingiz Səfərov həbs olunub. Daşqın Nəsirov barəsində isə axtarış elan edilib. Xalq artıisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ötən ilin dekabrında tutulub. Keçmiş icra nümayəndəsinə qarşı vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, digər iki nəfərə qarşı isə dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları irəli sürülüb.

Natiq Məhəmmədsoy martın 10-da Əzizəxanım Atayeva və Xumara Şabanova ilə birlikdə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanovun qəbulunda olub. Onlar Xəzər rayon prokuroru Fəxri Ələsgərovdan şikayətləniblər. Bildiriblər ki, Natiq Məhəmmədsoy şərlənib və baş verənlər prokurorun göstərişilə həyata keçirilib. Onların sözlərinə görə, Eldar Sultanova baş verənləri əvvəldən sonadək olduğu kimi danışıb, sənədləri təqdim ediblər. O da öz növbəsində söz verib ki, baş verənləri Baş prokuror Kamran Əliyevə məruzə edəcək.

Əzizəxanım Atayeva Meydan TV-yə bildirib ki, onlar torpaqlarının ələ keçirilməsi ilə bağlı əvvəlcə Xəzər Rayon Prokurorluğuna şikayət ediblər. Amma onların şikayətləri araşdırılmayıb: “Bizə orada heç qulaq asmaq istəmirdilər. Ona görə də Natiqdən xahiş elədik ki, bizə yol göstərsin, bir vəkil tapsın. Natiq oğlumun dostudur, bizim evin içində olan adamdır. O da bizə kömək elədi. Bundan sonra Natiqi 1-ci polis bölməsinə çağırdılar, hədələdirlər. Natiqə demişdilər ki, bizə kömək eləməsin. Mən bunu bilədən sonra dedim ki, çəkil kənara, sənə nəsə eləyərlər. Qorxduğumuz başımıza gəldi. Qala kəndinə maşın ustasına gedib, orada tutub qandallayıblar”.

Natiq Məhəmmədsoyun anası, 80 yaşlı Tamara Süleymanova da oğlunun şərləndiyini deyir: “Natiq 3 uşaq atasıdır, narkotikdən, içkidən də uzaq adamdır. Bunu Türkanda bilməyən yoxdur. O, Əzizəxanımla Xumaranın torpaqları zəbt olunduğuna görə onlara kömək eləyib. Bu da prokurorun xoşuna gəlməyib. Ona görə də polisin əli ilə oğlumu tutdurub”.

Natiq Məhəmmədsoy da Baş prokuror Kamran Əliyevə müraciət edərək, onunla bağlı cinayət işinin şəxsi nəzarətə götürülməsini istəyib.

“Mən saxtakarlıqla torpaqları əllərindən alınan yaşlı analarımıza kömək etməyə görə şərlənmişəm”, - deyə Natiq Məhəmmədsoy bildirib.

natiq

neneler