DİN rəsmisi Elşad Hacıyev: “30 il gözləyən vətəndaş bir il səbr edə bilmir?!”

23:45 19-03-2021 297

Dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin işğaldan azad olunan ərazilərə təşkil edilən səfərləri zamanı təhlükəsizlik təmin olunduğu üçün bədbəxt hadisələr baş vermir. Bu sözləri DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, insanlar bilməlidir ki, həmin ərazilərə bəlli marşrutlarla, müəyyən olunan təhlükəsiz yollarla getmək mümkündür: “Ona görə də ərazidə təhlükəli vəziyyətin yaşanması yalnız mühafizəyə aid edilməməlidir. Minalanmış ərazilər qalmaqdadır. Hazırda hər kəs bu məsələdə diqqətli olmalıdır. Etinadsızlıq edərək, qanunsuz olaraq əraziyə daxil olan, xəsarət alan insanlar işğaldan azad edilən ərazilərdə infrastruktur bərpa edildikdən sonra rahat yox, əlil vəziyyətdə gəzəcəklər.

30 il gözləyən vətəndaş 3-5 ay, ya da bir il səbr edə bilmir?! Bütün bunlar yalnız və yalnız maarifləndirmə yolu ilə insanlara izah olunmalıdır. Onlar da bu qaydalara əməl etməlidirlər. Artıq ötən gün işğaldan azad edilmiş ərazilərə keçənlərlə bağlı 15-ci fakt qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması üçün görüləcək bütün zəruri tədbirlər müəyyən olunaraq icraya yönləndirilib."

O bildirib ki, keçmiş təmas xətti adlandırdığımız ərazinin uzunluğu 246 kilometrdir: “Cənubdan şimala doğru olan bu məsafədə azad olunmuş ərazilərə keçmək üçün müəyyən postlar var. Postlardan yayınaraq, ara yollarla, günün qaranlıq saatlarında, dumanlı hava şəraitində işğaldan azad olunmuş ərazilərə keçənlər həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərdir. Bu ərazilərdə bir neçə post var. Lakin nəzərə alsaq ki, ərazidə istehkam qurğuları var, insanlar kifayət qədər asan şəkildə dövlət orqanlarının nüməyəndələrinin nəzərindən yayınaraq işğaldan azad olunan ərazilərə daxil ola bilirlər.

Lakin dövlət burada təkcə inzibati metodların deyil, əhalinin maarifləndirilməsinin, ayıq-sayıq olmasının marağındadır. O ərazilərdə təhlükəli vəziyyət var. Müəyyən olunan faktlar arasında bir ailənin bir neçə üzvünün öldüyünə dair məlumat vardı. Bu da onu göstərir ki, vətəndaşların ehtiyatsızlığı və etinadsızlığı ölümlərə səbəb olur.

İşğaldan azad edilən ərazilərə qanunsuz yollarla keçənlərin əksəriyyəti öz yaxınlarının məzarını ziyarət etmək üçün belə bir addım atır. Cəmiyyət olaraq bunun hazırki vəziyyətdə təhlükəli olduğunu dərk etməliyik və bu kimi hərəkətlərə yol vermək istəyən şəxsləri fikrindən daşındırmalıyıq”.