Mənimsənilən subsidiyalar, incidilən fermerlər və yerində sayan aqrar sektor

00:07 20-03-2021 378

Aqrar Subsidiya Şurasının 12 mart qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib.

Nazirlikdən bildirilib ki, yeni əkin əmsalları və subsidiyalar dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə edilib. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur. 

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək. Burda deyirlər ey: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”.

Məlumatı oxuyan hər kəs Kənd Təsərrüfatı Nazirliyinin təəssübkeşliyinə həsəd apara bilər. Çünki elə bir mənzərə yaradılır ki, guya nazirlik əməkdaşları gecə-gündüz dayanmadan çalışırlar ki, torpaq sahibləri bütün qayğılardan azad olunsun. Amma işin dərinliyinə baş vuranda görürsən ki, yenə də “dava yorğan davasıdır”.

Ona görə ki, subsidiyaların verilməsindən məhsulun toplanmasına qədər bir çox qaranlıq məqamlar var. Əvvəla, subsidiyanın verilməsi qeyri-şəffafdır. İndiki vəziyyətdə istənilən şəxs subsidiya ala bilər. Bunun üçün hansısa bələdiyyədən bir müqavilə kağızı alıb gətirmək kifayət edir.

İkincisi, subsidiya verənlə (Kənd Təsərrüfatı Nazirliyi) subsidiya alan arasında heç bir hüquqi öhdəlik yoxdur. Yəni Kənd Təsərrüfatı Nazirliyi verdiyi külli miqdarda vəsaitin əvəzində fermerdən heç bir hesabat istəmir.

Üçüncüsü, verilən subsidiya ilə əldə olunan məhsul arasında tərs-mütənasiblik var. Belə ki, verilən subsidiyalar ölkədə ərzaq təhlükəsizliyinə tam təminat yaratmalıdır. Lakin bu gün ölkəmizdə yalnız yumurta və quş ətinə olan tələbat əsasən yerli istehsal hesabına ödənilir. Amma digər ərzaq məhsulları üzrə ehtiyaclarımızın əsas hissəsi idxal hesabına ödənilir.

Apardığım araşdırmalar nəticəsində aydın oldu ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları son bir ildə müxtəlif bəhanələrlə subsidiyaların ödənişindən boyun qaçırır. Mövcud qaydalara görə, hər bir torpaq istifadəçisi üçün ödəniş kartı verilməlidir. Və bu karta ödənilən vəsaitin 25 faizini fermer nağdlaşdıra bilər.

Qalan vəsaitlə isə nağdsız hesablaşma apara bilər. Çox təəssüf ki, əksər fermerlərə məqsədli şəkildə kartlar verilmir. Üstəlik, fermerlərlə çirkin oyunlara gedilir.

Yazını hazırlayarkən tanıdığım bir fermerə zəng etdim. Danışdıq. Dedi ki, “Qardaş, 8 hektar torpağım var. Öz gücümə taxıl əkirəm. Rayondakı kənd təsərrüfatı idarəsi bizi boğaza yığıb. Hər hektar üçün mənə 26 manat (?) pul yazdılar. Onun da 13 manatını vermədilər. Dedilər ki, bu pula gəlib gübrə apararsan”.

Digər bir fermer isə dedi ki, “Nazirliyin yerli idarəsinə getdim. Dedim ki, 5 hektar torpaqda taxıl əkmişəm, amma bir qəpik subsidiya almamışam. Gedirəm prokurorluğa teleqram vurmağa. Əl-ayağa düşdülər. Çıxarıb mənə nağd 200 manat təklif etdilər”. Maraqlıdır ki, 1 yanvar 2021-ci ilə qədər taxılçılıq sahəsinin hər hektarı üçün 240 manat subsidiya nəzərdə tutulur. Bəs fermerə 13 manat niyə ödənilib? Qalan 227 manat hara silinib?

Nəzərə alaq ki, Kənd Təsərrüfatı Nazirliyi 182 min 650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib. Bu ilin məhsulu üçün fermerlər tərəfindən ötən il 574 min 383 hektar sahədə buğda, 355 min 376,9 hektar sahədə isə arpa səpilib.

Ümumilikdə, 2021-ci ilin məhsulu üçün 1 milyon 37 min 507 hektar sahədə əkin aparılması proqnozlaşdırılır. Bunu da 240 manata vuranda 300 milyon manata yaxın vəsait edir. Nəzərə alaq ki, kənd təsərrüfatında bütün sahələrə subsidiyalar verilir. Bundan əlavə yeni bağların salınmasına da böyük dövlət dəstəyi var.

Ölkə başçısının göstərişləri əsasında aqrar sektorda stimullaşdırıcı tədbirlər çərçivəsində yeni salınan limon bağının hər hektarına 11 min, portağal, narıngi bağı üçün 9 min, nar bağı üçün 5 min, zeytun bağları üçün 4900, fındıq bağı üçünsə 4400 manat subsidiya verilir.

Göründüyü kimi, dövlət əlindən gələni edir ki, aqrar sektor dirçəlsin, ölkənin ehtiyacları yerli istehsal hesabına ödənilsin. Amma Kənd Təsərrüfatı Nazirliyi Ərəbzəngi kimi fermerlə dövlət arasında dayanıb. Dövlətin kəndliyə uzatdığı dəstək əlini bu nazirlik başqa səmtə yönəldir.

Nəticədə 100 milyonlarla vəsait mənimsənilir, aqrar sektor isə yerində sayır. Hələ hektar üzrə məhsuldarlığın artırılması və istehsalın həcminin şişirdilməsi tamam başqa bir problemdir. Bu barədə növbəti araşdırmamızda…

Müəllif Surxay Atakişiyev,

Mənbə KONKRET.az