“Ləpələr MTK” tərəfindən inşa olunmuş binanın sakinləri icra başçısından kömək istəyir

00:19 20-03-2021 324

Xətai rayonu, Süleyman Vəzirov küçəsi 22 ünvanında yerləşən, “Ləpələr MTK” tərəfindən inşa olunmuş binaların sakinləri ciddi problemlərlə üzləşdiklərini bildirirlər.

Onlardan bir qrupu redaksiyamıza ünvanladıqları müraciətdə yazıblar ki, 2008-2009-cu illərdə təhvil verilmiş 4 binada 12 ildir yarımçıq qalan işlər hələ də tamamlanmayıb: “Liftlər “Belarus” istehsalıdır, çox vaxt işləmir, yüksək mərtəbələrə çıxıb-düşmək, xüsusən yaşlı sakinlər üçün əzaba çevrilir. Binanın qarajı tikilən vaxtdan necə var, elə də qalıb, betona heç rəng də vurulmayıb. Həyətin girişinə qoyulmuş şlaqbaum da işləmir, kim istəyir girir – çıxır, uşaqların tərpənməsinə belə imkan yoxdur. Hər yer avtomobil dayanacağına çevrilib, kim istəyir, gətirib avtomobilini həyətdə saxlayır”.

Şikayətdə daha sonra qeyd olunur ki, bloklar, dəhlizlər, komendantların oturduğu budkalar da pis gündədir. Amma bütün ödənişlər vaxtlı – vaxtında yığılır. “Kimin qarajı yoxdursa, ayda 100 manat ödəniş edir. Bir otaqlı evlərdən 10, iki otaqlılar 20, 3 otaqlı evlərdən isə aylıq 30 manat pul toplanır. Amma yığılan vəsaitlər sözügedən problemlərin aradan qaldırılmasına sərf olunmur”, – deyə sakinlər bildiriblər.

Şikayətçilər onu da deyiblər ki, MTK rəhbərliyi binanın qarajında yeni “moyka” tikir: “Təsəvvür edin, yağış, qar yağanda zirzəmi az qala dizəcən suyun içində olur. Bu şəratdə hələ bir “moyka” da açırlar, fikirləşmirlər ki, daha böyük biabırçılıq olacaq”.

Sakinlər təsvir olunan dözülməz vəziyyətdən tez-tez kooperativin rəhbərliyinə şikayət etsələr də, nəticəsi olmayıb. Bir neçə dəfə problemlərin həlli ilə bağlı toplantı keçirilməsi təklif olunub, amma rəhbərlik tərəfindən rədd edilib.

“Ləpələr MTK”-nın tikdiyi binalarda yaşayan sakinlər media vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib, kömək istəyirlər: “Xətai Rayon İcra Hakimiyyətindən, icra başçısı hörmətli Rafiq Quliyevdən xahiş edirik, bizim səsimizə səs verib, problemlərin həll olunmasında yardımçı olsun. Daha dözə bilmirik, belə yaşamaq olmaz!”

Mənbə AzPolitika.info