Zərdab sakinləri: "Sabiq bələdiyyə sədri örüş sahəmizi qanunsuz zəbt edib" – VİDEO

00:36 20-03-2021 972

Zərdab rayon Dəliquşçu kəndinin bir qrup sakini, kəndin sabiq bələdiyyə sədri Allahverdi Qəhrəmanovun həmin kəndin ərazisində 50 hektarlıq örüş sahəsini qanunsuz zəbt etdiyini iddia edir.

Bu barədə MillətinSəsi.info-ya məlumat verən kənd sakinləri iddia edirlər ki, A. Qəhrəmanov heç bir rəsmi sənəd olmadan örüş yerini zəbt edərək 20 hektarlıq ərazidə yonca, 20 hektar ərazidə taxıl əkib. Sakinlər 10 hektarlıq ərazidə isə A. Qəhrəmanovun özünə balıqçılıq təsərrüfatı yaratdığını deyirlər: “Dəliquşçu kəndinin sabiq bələdiyyə sədri Qəhrəmanov Allahverdi heç bir sənədi olmadan təyinatı kənd camaatının mal-qarasının örüş torpağı olan 50 hektar ərazini mənimsəyib və həmin örüş torpaqlarında 20 hektar yonca, 20 hektar da taxıl əkib. Eyni zamanda böyük ferma tikib, balıq gölü yaradıb və bütün bu ərazidən öz xüsusi mülkiyyəti kimi istifadə edir.”

Şikayətçilər qeyd edirlər ki, bu barədə aidiyyatı orqanlara çoxlu sayda müraciətlər etsələr də, heç bir tədbir görülməyib. Kənd sakinləri sabiq bələdiyyə sədrinin bu əməllərinin Ədliyyə Nazirliyində ərazi üzrə kurator vəzifəsində işləyən Seymur Nağıyev tərəfindən ört-basdır edildiyini bildirirlər: “Seymur Nağıyev dövlət qanunlarını yox, öz şəxsi maraqlarını ali tutaraq örüş yerini qanunsuz əkən, balıq gölü yaradan, mişar daşından böyük ferma inşa edən Allahverdi Qəhrəmanovun əməllərinin üstünü ört-basdır edir. Həmin torpağın təyinatı örüşdür. Örüş torpağının əkilməsi isə cinayət əməli hesab edilir.”

Şikayətçilər sonda bu qanunsuzluqla bağlı müvafiq orqanların tədbir görmələrini, camaatın mal-qarasının örüş sahəsi olan ərazinin qaytarılmasını tələb edirlər.

Şikayəti Zərdab rayonu Dəliquşçu kəndinin aşağıdakı sakinləri imzalayıb: İmaməliyev Natiq Yaqub oğlu 

Kərimov Telman Lətif oğlu (2-ci qrup Qarabağ müharibəsi əlili) 

Hüseynov Alim Ağacan oğlu 

Hüseynov Ağalar Böyükağa oğlu 

İsgəndərov Bayram Yolçu oğlu

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.