Göyərçinə işgəncə verən ərəblər Kəmaləddin Heydərovun qonaqları olub?- VİDEO

18:42 20-03-2021 540

Azərbaycanda Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşının müşayiəti ilə qanunsuz ov edən, göyərçinə işgəncə verən ərəblərin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qonaqları olduğu iddia edilir.

MillətinSəsi.info pravda-ya istinadən xəbər verir ki, ekoaktivist Cavid Qara deyib ki, ərəb tərcüməçi Azərbaycan dilini bildiyindən onunla söhbət edib: “Deyir, Kəmaləddin Heydərovun qonaqlarıdır. Şeyxlər də burda idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də əməkdaşı gəldi. Bir söz demədi, getdi”, – deyə C.Qara bildirib.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə verməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, artıq məsələ barədə məlumat quruma daxil olub:

“Sözügedən məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılacaq. Qanun pozuntusunun olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərə aydınlıq gətirilib, ictimaiyyətə açıqlama veriləcək.

Həmçinin ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntulara göz yuması ilə bağlı faktlar bizə təqdim edilsə, araşdırılacaq”. 

Qeyd edək ki, sosial şəbəkələrdə ərəblərin Acınohur çölündə quş ovlamaq üçün göyərçinə işgəncə verməsi ilə bağlı videogörüntü yayılıb.

İddia olunub ki, onlar ərazidə şahin quşları vasitəsilə ov ediblər.