Vilayət Eyvazov Səttar Mehbalıyevin rəis oğluna töhmət verdi

19:11 20-03-2021 351

Qaradağ rayon Polis İdarəsinin rəisi  polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.

Proqnoz.com xəbər evrir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, İsfəndiyar Mehbalıyov işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İsfəndiyar Mehbalıyevə töhmət verilib. 

DİN-də kadr dəyişiklikləri daim ictimaiyyətin diqqət mərkəzində olub. Hazırkı dəyişikliklər də maraqlı müzakirələrə səbəb olub.

Bir neçə il öncə mediada yayılan məlumatlarda qeyd edilirdi ki, İsfəndiyar Mehbalıyevi 3 il əvvəl prokurorluqdan qovublar. Səbəb isə onun, ədliyyə naziri Fikrət Məmmədovun oğlunu döyüb çənəsini sındırması olmuşdu. Həmin vaxt media hadisəni belə ictimailəşdirmişdi:

"İsfəndiyar Mehbalıyevin bir xobbisi var. O sükan arxasına keçib “avtoş”luq edəndə kimsənin maşınının onun maşınının qarşısında olmasını sevmir. Buna görə də onun sürücülərlə tez-tez mübahisələri düşür. 3 il əvvəl hadisə də məhz bu səbəbdən baş vermişdi. İsfəndiyar Mehbalıyev “BMW X5"lə şəhərin ortasında ”avtoş"luq edəndə Fikrət Məmmədovun oğlunun idarə etdiyi maşın işıqforun qırmızı işığında dayanmaqla sonuncunun maşınına yol verməmişdi.

Buna görə İ.Mehbalıyev nazir oğlunu sükan arxasından düşürüb döymüşdü. Nəticədə nazir balasının çənəsi sınmışdı. Bu hadisəyə görə Fikrət Məmmədov İsfəndiyar Mehbalıyevi işdən çıxartdırdı. Ona qarşı cinayət işi başlatmağa isə müvəffəq ola bilmədi. Belə ki, o dövrdə Bakı şəhər prokuroru olan Ədalət Mirsalamlı Fikrət Məmmədovun bununla bağlı şəxsi xahişini yerə salıb cinayət işi başlamamışdı. Bunun da maraqlı tarıxçəsi vardı.

Belə ki, Ə.Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə İ.Mehbalıyev birgə “avtoş”luq edirdi. M.Mirsalamlı da atasından dostuna cinayət işi başlamamasını istəmişdi. Bakı prokuroru oğlunun istəyindən keçə bilməyərək nazirin xahişini yerə salmışdı.

Bu isə F.Məmmədovu qəzəbləndirmiş və Ə.Mirsalamlıya qarşı kampaniya başlamasına gətirib çıxarmışdı. Bu hadisədən bir neçə ay sonra Ə.Mirsalamlı vəzifəsindən çıxarıldı. Oğlu isə narkotik üstündə həbs edildi. Onunla birlikdə Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu da ilişdi."

Bununla bağlı həm cinayət işi materiallarından, həm də məhkəmə proseslərindən mediada geniş yazılar dərc edilmişdi.

Xatırladaq ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.