Rövşən Əkbərovun həbsinin şok səbəbi: Generalın qardaşı Avropada hansı vəzifədədir?

19:24 20-03-2021 369

Xəbər verdiyimiz kimi, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Qafqazinfo.az" generalın həbsinin səbəblərini əldə edib. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb. 

Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.

Silahlı Qüvvələrdə general-leytenant ali hərbi rütbəsinə kimi yüksəlmiş Rövşən Əkbərov Azərbaycanın ən tanınmış hərbçilərindən sayılır.

Mərhumun anası Səmayə Əliyeva oğlunu Rövşən Əkbərovun qətlə yetirdiyini deyir. Səmayə Əliyevanın prokurorluğa çağırılaraq ifadəsinin alınması Rövşən Əkbərovun qətl hadisəsinə görə həbs olunması barədə iddaların əsassız olmadığına şübhələri artırır.

Generalın ailə üzvləri də müxtəlif vəzifələrlə kök salmağı bacarıb. Belə ki, Rövşən Əkbərovun kiçik qardaşı Qulam Əkbərov Azərbaycanın Avstriyadaki səfirliyində hərbi attaşenin müavini vəzifəsini daşıyır. Onun rütbəsi polkovnik-leytenantdır.

Bu cür şəxslər ATƏT yanında da səfirliyin əməkdaşı kimi akkreditədən keçir və bütün məlumatlara çıxışı olur. Adətən beynəlxalq təşkilatın bütün iclaslarının iştirakçısı kimi taleyüklü məlumatlara sahibdirlər. Həmçinin, bu təşkilatlarda təhlükəsizlik məsələləri üzrə vacib seqmentlərlə yaxından tanışlıq edirlər.

Qulam Əkbərovun tutduğu vəzifədə olan kəslər diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə dövləti təmsil edir. Həmin sahə ilə bağlı məlumat toplayırlar. Onların bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir.