Hesablama Palatasında nə baş verir? - Heydər Əsədovun başı dərddə

19:31 20-03-2021 378

Bir neçə gün öncə Hesablama Palatasının 5 auditorundan dördü vəzifəsindən kənarlaşdırılıb. Bunlar Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Hazırda audit kimi qalan Cəfər Həsənovdur. Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova isə AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. Eyni zamanda Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu.

Tanış mənzərədir. Hansısa iri məmur vurulduqdan bir müddət sonra onun yaxınlarının da “yarpaq tökümü” başlayır. Yəqin ki, Firsəng Qurbanov və Vaqif Həsənov da hansısa vurulmuş sabiq məmurun qohumudur. Başqa cür ola bilməz. Hesablama Palatasının əsasnaməsinə uyğun olaraq auditorlar Milli Məclis tərəfindən 7 illiyə seçilir. Və qaydalara uyğun olaraq  auditorların səlahiyyət müddəti 2022-ci ildə başa çatırdı. Amma birdən-birə 4 auditorun istefaya göndərilməsi maraq doğurur.

Bu təkcə vurulmuş məmurların qol-budağının budanması əməliyyatları deyil. Daha ciddi səbəblər var. Doğrudur, istefaya göndərilən palata üzvlərindən biri açıqlama verdi. Bildirdi ki, “Biz işdən çıxmaqla gənc nəsilə yol veririk. Çünki idarəçiliyi öyrənməyə illər lazımdır. Heç kim bizi eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etməyib. Elə bir söhbət yoxdur”.

Deyilən sözlərə nəinki, oxucular, heç müəllif özü də inanmır yəqin. Çünki bizim cəmiyyətdə bütün məmurlar istəyir ki, elə vəzifə kreslosundaca dünyasını dəyişsin. Ona görə ki, biz insanlara savadına, qabiliyyətinə, xidmətlərinə görə yox rütbəsinə, kreslosuna görə “hörmər” qoyuruq. Necə deyərlər “Bağda ərik var idi, salam məleyk var idi. Bağda ərik qurtardı, salam məleyk qurtardı”.

Ümumiyyətlə, bizdə istefa mədəniyyəti yoxdur. Söyülək, döyülək, lap qalustukumuzdan tutub bizi “tarqovu”da sürüsünlər, eybi yoxdur. Təki vəzifədə qalaq.

Ona görə də 4 dənə kos-koca Palata üzvünün könüllü şəkildə işdən getdiyinə məni heç bir kim inandıra bilməz. Özü də kim-kim, Azərbaycanda dövlət büdcəsinə və büdcədən kənar daxil olmalara nəzarət edən həşəmətli vəzifə sahibləri. Nəzərə alaq ki, istefaya göndərilən Palata üzvlərinin hər dördü Hesablama Palatasının ilk sədri Heydər Əsədovun dövründən işləyir. Əslinə baxsan Vüqar Gülməmmədov da Əsədovun kadrıdır. 2007-ci ildən bir yerdə işləyiblər.

2013-cü ildə Heydər Əsədov Kənd Təsərrüfatı naziri təyin olunanda öz kreslosunu Vüqar müəllimə etibar edib. Ola bilsin ki, son vaxtlar Heydər Əsədovun başı üzərində əsən soyuq küləklərin sazağı Hesablama Palatasını da vurub.

İkinci ehtimal isə ondan ibarətdir ki, dövlət büdcəsinin və büdcədənkənar daxilolmalardakı küllü miqdarda mənimsəmələr yuxarıları bu addımı atmağa məcbur edib.

Ümumiyyətlə, bizdə olan bir çox qurumlar xala xətrin qalması üçün yaradılır. Yəni, Avropada varsa, bizdə niyə olmasın. Məsələn, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, bir neçə ildən sonra isə ləğv edildi. Bu gün Hesablama Palatası da lazımsız qurum kimi görünür. Çünki Palata vəzifələrini başdansovdu icra edir.

Ya bilərəkdən, ya da bilməyərəkdən. Mütəxəssislər qeyd edir ki, Hesablama Palatası dövlət büdcəsinə və büdcədənkənar fondların büdcəsinə rəy verərkən daha cox bələdçi xarakterli yanaşma ortaya qoyur. Bu tip yanaşma həm büdcə layihələrinə rəydə, həm də büdcənin icrasına rəydə özünü büruzə verir.

Palatanın hesabatları hökumətin fəaliyyətinə rəy deyil, daha cox onun fəaliyyətinin təbliğ edilməsi təsəvvürü yaradır. Həmçnin, Hesablama Palatası öz rəylərinin strukturunun ildən-ilə təkmilləşdirməsinin gərəkdiyi halda adətən oxşar səpkili rəylər tərtib edir. Budcəyə rəy bildirilərkən budcə strukturunun beynəlxalq təcrübə ilə müqayisəsi aparılmır.

Halbuki daim irad tutulan sahələrdən biri məhz büdcə strukturunun beynəlxalq təcrübəyə uyğun gəlməməsidir.

Hesablama Palatası təkcə dövlət büdcəsinə və büdcədənkənar gəlirlərə deyil həm də Dövlət Neft Fondunun büdcəsinə də nəzarət etməlidir. Amma etmir. Niyə? Bu barədə növbəti yazımızda.

Müəllif Surxay Atakişiyev,

Mənbə KONKRET.az