Bank sistemindəki problemlər: "Prezidentin göstərişinə əməl etmirlər

19:49 20-03-2021 369

Milli Məclisin deputatı Fəzail Ağamalı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu sərt tənqid edib. Onun sözlərinə görə, illərdir 10 minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, ölkədə ailə institutuna ağır zərbələr vuran, insanların evlərini, mülklərini əllərindən alan müasir, başabəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də bu missiyanı davam etdirir: “100 faizli deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı məhkəmələrin hökmü ilə müsadirə olunur”.

Millət vəkili qeyd edib ki, bank sistemində ciddi islahatlara böyük ehtiyac var: “Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank - pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir”.
 
Bəs, bank sistemində hazırda hansı islahatları aprmaq olar? Nə kimi dəyişikliklər olmalıdır ki, insanların canı yüksək faizli ödəmələrdən qurtulsun?
 
Məsələ ilə bağlı Bakupost.az-a danışan banklar üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bank sistemində islahatlara ilk növbədə qanunlardan başlanılmalıdır:
 
 
“Mərkəzi Bankda idarəetmə sistemi dəyişdirilməlidir. Mərkəzi Bankda idarə heyəti var, amma üzərində nəzarət yoxdur. Əksər ölkələrdə buna Müşahidə Şurası nəzarət edir. Bu gün cənab Prezident bütün dövlət şirkətlərində müşahidə şuraları təsis edir. Yaxşı olardı ki, burada da olsun. Bu bir növ Mərkəzi Bankın rəhbərliyinin fəaliyyətini müəyyən çərçivəyə salar və üzərində nəzarət sistemini təmin edərdi.
 
Birinci bundan başlamaq lazımdır. Digər tərəfdən, banklar haqqında qanuna köklü dəyişikliklər edilməlidir. Nəzarət mexanizmi təkmilləşdirilməlidir ki, bankların kredit siyasəti həm dövlətin, həm bank sisteminin, həm də vətəndaşların maraqlarına cavab versin. Bu gün biz çox təəssüf ki, bir çox hallarda bunu görmürük.
 
Eyni zamanda bank olmayan kredit təşkilatları haqqında da qanunu dəyişmək lazımdır. Onların fəaliyyət istiqamətlərini genişləndirmək lazımdır. Bu gün bank olmayan kredit təşkilatlarının fəaliyyəti çox dardır və onlar faktiki olaraq, xeyli fəaliyyəti həyata keçirə bilmirlər. Buna görə də banklardan asılı olurlar. Bu da sağlam rəqabət mühitinin formalaşmasına şərait yaratmır.
 
Qeyd etməliyəm ki, bütün bank sisteminin fəaliyyətlərini o cümlədən faiz dərəcələrinin də yüksək olması yalnız bu sistemdəki problemlərlə bağlı deyil. Faiz dərəcələri bank sistemi ilə bağlı deyil. Bu ilk növbədə məhkəmə-hüquq sistemində olan problemlərlə bağlıdır. Yəni kredit riskləri çoxdur. Banklar, bank olmayan kredit təşkilatları bilirlər ki, vaxtı-vaxtında verdkləri kreditlərin hamısını qaytara bilməyəcəklər. Onların qaytarılması üçün xərcləri çıxacaq”.
 
Ekspert əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın əsas riski sahibkarların əminlik hissinin aşağı olmasıdır: “Mülkiyyətlərinin əllərindən alınmayacağına, onlarla müqavilə bağlayan şəxsin öz öhdəliyini icra etməsinə, bazarda rəqabət aparan şəxslərin qeyri-sağlam, qeyri-qanuni hərəkətlər etməyəcəyinə ən əsası isə bütün bu pozuntular baş verərsə, məhkəmələrin düzgün qərar verəcəklərinə əmin deyillər. Əminlik olmayan yerdə təbii ki, hər zaman qiymət artımı olur. Sahibkarlar öz risklərini, banklar faiz dərcələrini istehlakçıların üzərinə qoyurlar. Yəni bütün problemlər bank sistemi ilə bağlı deyil. Banklar, kredit olmayan təşkilatlar haqqında qanunları dəyişmək lazım deyil. Cənab Prezident artıq 2 dəfə - 2004 və 2014-cü illərdə tapşırıq verib ki, Bank Məcəlləsi hazırlansın. Yəni bütün qanunlar birləşdirilsin, vahid, sistemli qanunumuz olsun. Bu qanun isə hələ də yoxdur. İndiyə qədər Prezidentin göstərişinə əməl etmirlər. Deputat Fəzail Ağamalıya sual verirəm ki, niyə indiyə kimi Bank Məcəlləsini qəbul etməyiblər?! Nəticə etibarı ilə problemin bir hissəsi bank sistemində, bir hissəsi dövlət orqanlarının üzərindədir. Bir hissəsi də elə parlamentin üzərindədir. Niyə vaxtı-vaxtında qanunları qəbul etmirlər?”
 
Mənbə Bakupost.az