Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur: Famil Qasımov hərbi komissarlığı bazara döndərib?

11:04 24-03-2021 234

“Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Qasımovun korrupsiya əməlləri nəticəsində dövlətə və Azərbaycan ordusuna ciddi ziyan dəyməkdədir”.

Bu iddia ilə bir qrup Göyçay sakini çıxış edib. Onların iddiasına görə Famil Qasımov Göyçay hərbi komissarlığını açıq-aşkar bazara döndərib:

“Hərbi xidmətə yararsız hesab edilən şəxslərin üç ildən bir təkrar tibbi müayinədən keçmələri üçün əvvəl qiymət 300 manat idisə, hazırda Famil Qasımov bu məbləği 500 manata qaldırıb. Bunu isə onunla əsaslandırır ki, qiyməti yuxarıdan qaldırıblar.

Həmçinin Famil Qasımovun köməkliyi ilə sağlam, hərbi xidmətə tam yararlı vətəndaşlar saxtakarlıqla yararsız ediliblər. Göyçay rayonunda hərbi xidmətə yararsız edilmiş elə sağlam insanlar var ki, onlar uzun müddət ölkə xaricində olsalar da, tibbi müayinədən saxta yolla keçirilirlər və qanunsuz rəy alırlar.

Ölkədən kənarda olan şəxslərin tibbi komisiyadan keçirilmələri üçün Famil Qasımov onların hər birindən 2000 manat pul alır. Buna görə də, özü ölkədən kənarda olan, ancaq saxtakarlıqla tibbi komissiyadan keçirilən şəxslərin sənədləri yoxlanılmalıdır”.

Vətəndaşların iddialarına görə, Famil Qasımov sağlam şəxsin hərbi xidmətə yararsız edilməsinin qiymətini müharibədən sonra 8 min manata qaldırıb. Səbəbini isə müharibə şəraitində olmağımızla əlaqələndirir:

“Hətta hərbi komissar Famil Qasımov öz qohum tanışlarını da hərbi xidmətdən yayındırıb və onların təkrar tibbi müayinədən keçirilməsini də heç bir yoxlama aparılmadan özü təşkil edir. Bunlardan biri isə hərbi komissar Famil Qasımovun qohumu şübhəli təhsili və saxta diplomu olan Göyçay şəhər sakini Dadaşov Adil Qadir oğludur.

Dadaşov Adil Qadir oğlu sağlam və hərbi xidmətə tam yararlı olsa da, qohumu Göyçay rayon hərbi komissarı Famil Qasımovun köməkliyi ilə saxta həkim rəyi alıb. Bu cinayəti hərbi komissar Famil Qasımov həkim komissiyası ilə əlbir olaraq edib. Hazırda Dadaşov Adil Qadir oğlunun təkrar tibbi müayindən keçirilmə müddəti gəlib çatıb. Buna görə zərurət var ki, tam sağlam olan Dadaşov Adil Bakı şəhərində ixtisalaşdırlmış xəstəxanada müasir aparatlar vasitəsi ilə müayinə edilib hərbi xidmətə göndərilsin. Ancaq hərbi komissar Famil Qasımov buna qətiyyən imkan verməz”.

İddiaçıların sözlərinə görə, Famil Qasımov talançılıqla əldə edilmiş kapital hesabına Bakı şəhərində 2 böyük villaya, mərkəzdə 8 mənzilə və 12 böyük ticarət obyektinə sahib olmuşdur.

Famil Qasımovun Azərbaycan Ordusuna vurduğu zərərin miqiyası çox böyükdür: “İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyev bu cinayət faktlarıının araşdırılıb, hərbi komissar Famil Qasımovun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəcək”.

İmza:

Həsənov Hüseyn Yadigar oğlu

Azadov Gəray Sədi oğlu

Məmmədov Bəhruz Tofiq oğlu

Nağıyev Azər Niftalı oğlu

P.S. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.