Cavid Qurbanovla ABŞ şirkəti arasında qalmaqal - Başıbəlalı keçid söküləcək?

11:16 24-03-2021 315

“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Bakıxanov qəsəbəsində inşa edilən yerüstü piyada keçidi qurumun sədri Cavid Qurbanov üçün başağrısına çevrilib. 

HİT.Az xəbər verir ki, keçidin tikilməsi nəticəsində Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 4 ünvanda yerləşən “Azer Mega Response Pazarlama Ltd” emal zavoduna giriş bağlanıb. Fəaliyyətini dayandırmağa məcbur olan müəssisə məhkəməyə müraciət edib. 

İddiada piyada keçidinin sökülərək təsdiq edilmiş layihəyə uyğun tikilməsi, yolun bərpasına şəraitin yaradılması xahiş edilib. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Müəssisə Apelyasiya Məhkəməsinə müraciət edib. İş hazırda hakim Raqib Qurbanovun icraatındadır. Məhkəmə martın 19-da yerində müayinə aparacaq.

İş üzrə cavabdeh qismində yalnız “Azərbaycan Dəmir Yolları” QSC deyil. Müəssisə  “Körpü Tunel-Tikinti” MMC  və “Promota” Mühəndislik ve Müşavirlik A.Ş. şirkətlətini də məhkəməyə verib. 

Müəssisənin iddiası təmin ediləcəyi təqdirdə keçid sökülməlidir. Əldə etdiyimiz məlumata görə, piyada keçidinin tikintisi zamanı “Azer Mega Response Pazarlama Ltd” emal zavodunun rəhbərliyi layihənin düzgün hazırlanmadığı barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyini məlumatlandırıb. Lakin buna əhəmiyyət verilməyib.

“Azer Mega Response Pazarlama Ltd” emal zavodunun təsisçisi “Nooril-İman L.P” adlı ABŞ şirkətidir.

Mənbə HİT.Az