Cahangir Əsgərov Londondakı şirkətinin adını dəyişdi
AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar. Bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində məlumat yayıb.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, bu addım daha çox yerdəyişməyə oxşayır. “Belə demək mümkünsə Əlinin adını Vəliyə, Vəlinin adını Əliyə veriblər. Söhbət ilk növbədə 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan GAZELLI ART HOUSE LIMITED-dən gedir.
Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da GAZELLI ART HOUSE LIMITED-in adı MRCR ART LIMITED olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova MRCR ART LIMITED adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə GAZELLI ART HOUSE LIMITED (!) olaraq dəyişdirilib”.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli hesab edir ki bu sadə hoqqabazlıq deyil. “İki şirkətin adında dəyişikliklər rakirovkadırmı, yoxsa maskirovkamı bəlli deyil. Bəlkə öz ağıllarına görə iz qarışdırırlar”.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
Müəllif Cavanşir Həsənli