"Qastronom"ları Qoşqar Təhməzlinin "prinsipiallığı" məhv edir?!

11:25 24-03-2021 369
Qida Təhlükəsizliyi Agentliyinin rəhbərinin boynuna nə yükləyiblərsə, "cin atına minib", ucdantutma kafe və restoranları cərimələyir." Bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində məlumat yayıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli  bildirib ki, "COVİD-19" yaxşı bəhanə olub, virusun onsuz da çökdürdüyü "qastronom"ları bir də Qoşqar Təhməzlinin "prinsipiallığı" məhv edir:
 
"Az qala hər gün onlarla obyektin (aydın məsələdir ki, arxasında məmurların olmadığı) bəh-bəhlə siyahısı elan olunur. Elan olunmayan paralel siyahıda nə qədər kafe, restoran var, Allah bilir.
 
Başa düşürük, Qoşqar əfəndinin Türkiyədəki, Slovakiyadakı, Ukraynadakı biznesləri də pandemiyadan dolayı bir balaca sıxıntı keçirir, Bakıdakı obyektləri ötən aylarda bağlı qalıb.
 
Amma cərimələdiyi obyekt sahiblərinin bir çoxu ötən aylarda bir manat da qazana bilməyib, iflas Qoşqar kimi məmurların yox, məhz onların qapısını döyür."
 
Araşdırmaçı jurnalist Cavanşir Həsənli hesab edir ki, Qoşqar Təhməzlinin "dişləri ancaq arxasız kiçik və orta təbəqə"nin (o təbəqənin ki, ancaq qabığı qalıb) çörəyinə batır, bircə dəfə də o siyahılarda bir məmura aid obyektin adı keçməyib.
 
"Yeri gəlmişkən, Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinə 2017-ci ilin dekabrında təyin olunub."
 
P.S. Sabah şişdə qabırğanın ikisi əskik gələndə bilin ki, Qoşqar müəllim sizin sifarişdən iki tikə çırpışdırıb. Hər sifarişdə mütləq gözə görünməyən "qabırğa"nız olacaq.
 
Müəllif Cavanşir Həsənli