Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi ilə bağlı tədbirlər keçirilib - VİDEO

18:12 28-03-2021 261

Ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncama əsasən hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar.

Bu barədə DTX-nin saytı məlumat yayıb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Həmçinin Azərbaycan dövlətçiliyinin qorunması və torpaqlarının azadlığı naminə mübarizədə həlak olan milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi hörmətlə anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai və Suraxanı rayon idarələrinin (Rİ) yeni inzibati binalarının təntənəli açılışı olub.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, qeyd olunan rayon idarələrinin şəxsi heyətləri, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirak ediblər.

Müasir standartlara və üsluba uyğun inşa edilən yeni tikililərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildikdən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxıblar. Daha sonra tədbir iştirakçıları binaların otaqları və əməliyyatçılar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

General-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı rayon idarələrinin yeni inzibati binalarının istifadəyə verilməsinə, ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün davamlı olaraq yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı Rİ-nin şəxsi heyətinə tövsiyə və tapşırıqlarını verib, əməkdaşları bir daha təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.