Lənkərançayı qazaraq çınqıl çıxaran işbazlar indi də sahilləri qazırlar

18:57 28-03-2021 261

“Neçə ildir ki, çayın dibini qazırdılar, indi də keçiblər sahillərə... Qazıntı pay torpaqlarımıza çatıb. Artıq kənd sakinləri işbazlarla bacara bilmirlər. Heyvandarlıq, əkinçilik məhv olur, insanların kənddən köç etməsindən başqa çarəsi qalmayıb. Bir azdan kənddə heç kəs qalmayacaq”.

Lənkəranın Yuxarı Təngivan kənd sakinləri Meydan TV-yə danışırlar ki, kəndi iki hissəyə bölən Lənkərançayı qazaraq çınqıl çıxaran hansısa sahibkar indi də çayın sahillərində qazıntı aparır. Məqsəd yenə də çınqıl çıxarmaqdır. Qazıntının pay torpaqlarınadək gəlib çatması kəndliləri narahat edir.

Kənd sakini Şakir Şahverdiyev: “Torpaqlar sürətlə qazılır, qazıntının miqyası böyüyür, ancaq bu adama “dayan”, “dur” deyən yoxdur. Əvvəllər davamız o idi ki, çayı o tərəfə keçə bilmirik, çünki üzərində o taya keçmək üçün körpü yoxdur. Örüş, əkin  sahələrimizə çətinliklə keçirik. İndi isə bu gedişlə həmin sahələrimizdən əlimizi üzməli olacağıq”.

Sakinlər iddia edir ki, torpaqlar ən azı 12 metr dərinliyində qazılır. Bu isə həm ərazidə, həm də ümumiyyətlə, kənddə torpaq sürüşməsinə səbəb ola bilər. Kənd sakini Famil Nüsrətov:

“Çayın dibini də illərdir ki, qazırdılar. Qazıntının dərinliyi də 20 metrdən çox idi. O qədər qazdılar ki, çayın dibində boşluqlar əmələ gəldi, indi tez-tez daşqınlar baş verir. Üstəlik torpağı da qazırlar. Bu qazıntılar bizi üzü fəlakətə aparır.

Görün bunlar insanlara nə qədər zərər vururlar, həm təsərrüfatla məşğul ola bilmirik, bu gedişlə əkin torpaqlarımız erroziyaya məruz qalacaq, həm də yaşadığımız ərazilər gələcəkdə sürüşmə təhlükəsi ilə üz-üzə qalacaq. Torpaq qazıldıqca alt qatlarda boşluqlar əmələ gəlir”. 

Kənd sakini Ruslan Məmmədov deyir, onlar onsuz da illərdir ki, çayı o taya keçmək üçün üzərindən körpü salınmasını tələb edirdilər. İndi isə əziyyətləri daha da artıb:

“Çayın üzərində körpü yoxdur. Təsərrüfat torpaqlarımıza keçmək üçün çayın içindən keçib getməli oluruq. Dibinın qazılması çayda boşluqlar yaradıb, çayın miqyası genişlənib, tez-tez daşqınlar baş verir. Nəticədə heyvanları o taya keçirmək istəyərkən sel aparır. Dəfələrlə insanları da sel aparıb, həyatlarını son anda xilas edə bilmişik. Deməyimiz odur ki, bunlar çayın dibini qazmaqla onsuz da bizə dərin problemlər yaratmışdılar, indi də keçiblər sahillərə...”

Kənd saknləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsinə dəfələrlə müraciət etdiklərini bildirirlər:

“Zəng vururuq ki, burda torpaqlar qazılır, gəlin, yerində baxış keçirin, aktlaşdırın, tədbir görün, deyirlər, xəbərimiz var, onların işləri tam qanunidir, əllərində sənədləri var. Anlamırıq ki, bu boyda torpaqları hansı sənədə əsasən qazıb tökmək olar? O sənədi verən hansı dövlət qurumudur? O sənəd nədən ibarətdir?”

Qeyri-iş günləri olduğuna görə məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Lənkəran şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Lənkərançay çayındakı qazıntılarla bağlı Yuxarı Təngivan kənd sakinlərinin müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əvvəllər  ərazidə araşdırma aparıblar.

Ancaq məlum olub ki, vəziyyət sakinlərin dediyi kimi deyil. Sahibkar qazıntı zamanı bütün normativlərə əməl edib. Çay sahillərinin qazılması ilə bağlı isə qurumda məlumat yoxdur. Yalnız qeyri-iş günləri bitdikdən sonra məsələni araşdırmaq mümkün olacaq.

Yuxarı Təngivanda əhalinin sayı 300 nəfər civarındadır. Əhalinin dolanışığı kəndi iki hissəyə bölən Lənkərançayın o tayındakı pay torpaqlarından çıxır. Çünki kəndlilərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdan ibarətdir.

cay

sakinler_cr