Tacikistan prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib – RƏSMİ

20:08 29-03-2021 414

Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

E.Rahmon Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

Tacikistan Prezidenti Azərbaycanın COVID-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirib.

Pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğulayıb və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Ceyhun Bayramov bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılardan danışıb.

Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.