“Azərbaycan Hava Yolları” QSC ilə bağlı Prezidentdən SƏRƏNCAM

16:03 30-03-2021 234

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.

Bu səlahiyyətlərə Cəmiyyətin yenidən təşkili və ləğvi, Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi aiddir.

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə isə Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onun illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi tapşırılıb.

Eləcə də, Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi İnvestisiya Holdinqinə həvalə olunub.

Prezidentin digər sərəncamı ilə “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiq edilib. 

Sərəncama əsasən, Müşahidə Şurasının sədri vəzifəsinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev təyin olunub.

Müşahidə Şurasının üzvləri aşağıdakılardır:

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.