Mikayıl Cabbarov Prezidentin tapşırığını yerinə yetirirmi?

13:09 01-04-2021 198

Koronovirus pandemiyasının təsirləri, yanacağın və suyun tariflərinin artması, Novruz bayramı ərəfəsində baş verən bahalaşma diqqəti İqtisadiyyat Nazirliyinin fəaliyyətinə yönəldib. Çünki son illər strukturu bir neçə dəfə böyüyən İqtisadiyyat Nazirliyi bazarda vəziyyəti tənzimləmək səlahiyyətində olan əsas orqanlardan biridir. Görünən odur ki, nazirlik bu səlahiyyətlərindən yetərincə istifadə etməyi ya bacarmır, ya da istəmir...

Xatırladaq ki, 2018-ci ildə Dövlət Əmlak Komitəsi, Vergilər Nazirliyi və İstehlak Bazarı və Antiinhisar Siyasəti üzrə Dövlət Xidmətinin İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi bu sahədə yeni islahatların başlanacağına ümid yaratmışdı. İqtisadiyyat naziri Mikayıl Cabbarov həmçinin, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edildikdən sonra bu sahəyə də nəzarət imkanı qazanıb.

İqtisadiyyat Nazirlyində struktur birləşməsi aparılarkən əsas hədəf islahatların dərinləşdirilməsi və bürokratik əngəllərin, xüsusilə də ölkədə sahibkarlığın inkişafı qarşısında duran maneələrin aradan qaldırılması idi. Prezident İlham Əliyev Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin olunması münasibətilə qəbul edərkən ondan məhz bunları istəmişdi: sahibkarlara yönələn mənfur əlləri kəsmək!

Lakin ötən müddət ərzində baş verənlər göstərir ki, bu, struktur islahatından daha çox səlahiyyətlərin bir əldə cəmləşməsi ilə nəticələnib. Ona görə də gözləntilər özünü doğrultmadı. İqtisadiyyat Nazirliyi hazırda nəzdində çoxsaylı idarələri birləşdirən və ciddi fəaliyyət göstərməyən SOCAR-ın təcrübəsini təkrarlayır. İqtisadiyyat naziri Mikayıl Cabbarov islahatçı kadr kimi tanınsa da, gözləntiləri hələ ki, doğrulda bilməyib: İqtisadiyyat Nazirliyinin tabeliyinə verilən sahələrdə ciddi islahatların aparılmaması bundan xəbər verir.

Qeyd edək ki, Mikayıl Cabbarov özü İqtisadiyyat naziri postuna gəlməzdən öncə vergilər naziri işlədiyindən oradakı vəziyyəti və problemləri çox yaxşı bilirdi. Belə görünür ki, M.Cabbarov Vergilər Nazirliyinə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatları yetərli hesab edir və bu sahədə əlavə yenilikçi addımlar atmağa ehtiyac duymur.

Mikayıl Cabbarov hələ 2018-ci ilin fevral ayında Vergilər naziri vəzifəsində çalışanda yeni vergi strategiyasını təqdim edərkən belə demişdi: “Vergi yoxlamaları azalacaq, amma nəzarət artırılacaq, "qara mühasibatlıq” ləğv olunacaq, "kölgə iqtisadiyyatı" aradan qaldırılacaq”. Ondan sonra vergilər sistemində aparılan dəyişikliklər nəticəsində kölgə iqtisadiyyatının azalması istiqamətində bəzi uğurlar əldə olundu. Lakin bu proses orta sahibkarlıqdan yuxarı qalxmadı: iri məmur-oliqarxların əlində olan iri sahibkarlıq subyektləri “ağarma”dan demək olar ki, tamamilə kənarda qaldılar.

Fövqəlnazirə olan ümidlərdən ən mühümü inhisarçılığa qarşı real addımların atılması istiqamətindəydi. Lakin M.Cabbarov bu sahəyə, demək olar ki, toxunmayıb. Hələ də istehsal və istehlak bazarında oliqarxlaşma, monopoliya həll olunmamış başlıca problemlərdən biri olaraq qalır. Üç ildir antiinhisar orqanına rəhbərlik edən gənc nazir Rəqabət Məcəlləsi kimi mühüm bir sənədin qəbulu üçün barmağını belə tərpətmir. Halbuki 2016-cı ildə Prezidentin təsdiqlədiyi strateji yol xəritəsində, həmçinin ölkə başçısının M.Cabbarovla görüşündə bu məsələ birmənalı qoyulub: məmurların biznesdən əli çəkilməli, inhisarçılıq, himayədarlıq aradan qaldırılmalıdır. Lakin real proseslər bu sistemin daha da möhkəmləndiyini deməyə əsas verir.

Sadəcə olaraq, müşahidə olunan fərq əl dəyişməkdən ibarətdir. Yəni istehlak bazarına nəzarət edən köhnə oliqarxlar, yeni inhisarçılarla əvəz olunur. Fərq ondan ibarətdir ki, əvvəllər bu oliqarxlar birbaşa vəzifəli şəxslərin özlərindən ibarət idi. İndi isə nazirlərin və digər yüksək çinli məmurların himayə etdiyi iş adamları bazarları ələ keçirir. Çox hallarda belə inhisarçılar yaşca cavan biznes sahibləri arasından təyin edilir. Bu yolla da idaretmədə islahatçılıq görüntüsü yaradılır. İnhisarçılığın davam etməsi isə bazarda süni qiymət artımına şərait yaradır.

İqtisadiyyat Nazirliyi əvvəlki illərdə olduğu kimi, “qiyməti bazar formalaşdırır” bəhanəsi ilə subyektiv bahalaşmanın qarşısını almaqdan yayınır. Halbuki Azərbaycan prezidenti özü də dəfələrlə süni qiymət artımına yol verməməyi tələb edib. Hökumət qurumları isə bu məsələdə məsuliyyəti daha çox bir-birinin üzərinə atmaqla məsuliyyətdən yayınmağa çalışır. İqtisadiyyat Nazirliyi bahalaşma probleminin Dövlət Gömrük Komitəsindən qaynaqlandığını göstərməyə çalışır. Ancaq yalnız idxal əməliyyatları deyil, daxili istehsal da bu gün inhisarçıların nəzarətindədir. Xırda istehsalçılar öz mal və məhsullarını bazara çıxartmaqda çətinlik çəkir: topdan və pərakəndə ticarət demək olar ki, bütünlüklə monopollaşıb. Lakin İqtisadiyyat Nazirliyi ticarət piramidalarının sökülməsi istiqamətində heç bir təşəbbüs irəli sürməyib. Qiymətin formalaşması bazardan asılı olsa da, rəsmi səlahiyyətli qurum kimi İqtisadiyyat Nazirliyi rəqabət mühitinin yarıdılmasını təmin edə bilmir. Faktiki olaraq, Azərbaycan alıcısı uzun illərdir qiymət spekulyasiyası ilə üzləşir.

Hazırda Azərbaycan alıcısı taban qiymətin tələbdən, yoxsa tədarükçünün şəxsi kommersiya maraqlarından qaynaqlandığını müəyyənləşdirməkdə çətinlik çəkir. İqtisadiyyat Nazirliyi isə bu məsələdə istehlakçılara dəqiq cavab vermir. Növbəti spekulyativ məqam tariflər arasında 1 qəpik fərqin qoyulmasıdır. Beləliklə, ticarət obyektləri aşağı qiymət görüntüsü yaratmaqla vəziyyətdən yayına bilir. Reallıqda isə bu gün Azərbaycanda istinad qiymət formalaşmayıb. Alıcıya daha çox taban qiymət təklif olunur. Bu zaman tədarükçü tərəfin xərcləri əsas götürülür. İstehlakçının xərcləri isə nəzərə alınmır. Yəni alıcının nominal və real gəlirləri diqqətdən kənarda qalır. Süni şəkildə baş verən bahalaşma əhalinin gəlirlərinə adekvat olmur. Bu isə insanların sosial vəziyyətinin ağırlaşmasına yol açır.

İqtisadiyyat Nazirliyinin fəaliyyətini təhlil edərkən dövlət satınalmalarına nəzarət sistemindəki böyük problemlərin hələ də qalması diqqəti cəlb edir. Bu gün Azərbaycanda dövlət qurumlarının tenderlərində iştirak etmək, şəffaf şəkildə qalib gəlmək müstəqil iş adamları üçün hələ də əlçatmaz olaraq qalır. Master biznes planlar təqdim etmək və onun icrasına dövlət dəstəyini qazanmaq hələ də yerli iş adamları üçün inanılmaz görünür. Ona görə də biznes sahibləri riskə getməkdən çəkinir. İqtisadiyyat naziri isə sələflərindən qalan bu mənfi ənənənin qarşısını hələ ki ala bilmir.

İqtisadiyyat Nazirliyinin pandemiya dövründə sahibkarlar üçün hazırladığı dəstək mexanizmləri mövcud zərərlə müqayisədə qat-qat aşağı dəstəyi təmin etdi. Əlbəttə, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi resessiya bütün ölkələrdə müşahidə olunur. Lakin əksər ölkələr sahibkarları kifayət qədər geniş dövlət dəstəyi ilə təmin edərək onları ayaqda saxlamağa çalışdılar. Azərbaycanda bu iş İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdu.

Nazirlər Kabinetinin ötən ilki fəaliyyətinə dair hesabatdan aydın olur ki, 2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması üçün sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün 277 milyon manat, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması üçün 90 milyon manat yönəldilib, 115 milyon manat həcmində vergi güzəştləri təqdim edilib. Nəzərə alsaq ki, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi AZAL, BNA, Metropoliten kimi dövlət inhisarçılarına ayrılıb, onda bu dəstəyin nə qədər ədalətli bölündüyünü təsəvvür etmək elə də çətin deyil.

Ölkə Ümumi Daxili Məhsuluna 3-4 milyard manat töhfə verən turizm sektorunun tamamilə çökdüyünü nəzərə alsaq, dövlətin İqtisadiyyat Nazirliyinin məsləhəti ilə ayırdığı vəsaitin bu sektordakı sahibkarların itkilərinin heç 10-15 faizi həcmində belə olmadığını söyləyə bilərik. Bura yüksək vəzifəli məmurlar tərəfindən himayə olunan turizm şirkətlərinin dəstəkdən daha çox, himayəsizlərin isə az bəhrələndiyini də əlavə etsək, real vəziyyəti daha dəqiq təsəvvür edə bilərik.

Müşahidələr və real vəziyyət deməyə əsas verir ki, M.Cabbarov bilavasitə ölkə Prezidentinin ona verdiyi səlahiyyətlərdən ölkə iqtisadiyyatı, biznesin qarşısında duran köklü problemləri həll etmək istiqamətində istifadə etmir. Bunun səbəbini isə təsəvvür etmək elə də çətin deyil...

//Mənbə afn.az//