Sumqayıt icra başçısına məxsus ticarət mərkəzində reyd: Zakir Fərəcovun obyekti bağlandı

22:11 17-04-2021 153

Artıq bir müddətdir ki, ölkədə koronavirus pandemiyası səbəbindən iri ticarət mərkəzlərinin fəaliyyəti qadağan edilib. Buna səbəb ticarət mərkəzlərində böyük insan izdihamının müşahidə edilməsi və virusa yoluxma ehtimalının yüksək olmasıdır.

Təəssüflər olsun  ki, bəzi iri ticarət mərkəzləri hələ də Operativ Qərargahın qoyduğu qadağalara əməl etmirlər və kimlərinsə himayədarlığı ilə  fəaliyyət göstərirlər.

KONKRET.az xəbər verir ki, Sumqayıtda yerləşən “Gold Qayalı” ticarət mərkəzi də qaydalara məhəl qoymayaraq fəaliyyət göstərən obyektlərdən biridir. Burada məsələ bir az fərqlidir. Belə ki, adıçəkilən dörd mərtəbəli obyektin birinci mərtəbəsi supermarket kimi fəaliyyət göstərsə də, digər mərtəbələrdə məişət avadanlıqları və qızıl zinət əşyaları satılır ki, bu da hazırkı pandemiya şəraitində  qanunla qadağandır.

Ona görə də, Sumqayıtda yerləşən və pandemiya səbəbindən fəaliyyət göstərməyən digər ticarət mərkəzlərinin rəhbərləri, eləcə də işçiləri bu məsələyə haqlı narazılıqlarını bildirirlər.

 qizil-1-306x252

Yayılan qeyri-rəsmi məlumatlara görə, Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin işçiləri sözügedən problemlə bağlı etirazlarını bildiriblər. Yalnız bundan sonra, Sumqayıt şəhər Polis İdarəsi və İcra Hakimiyyətinin əməkdaşlarının keçirdikləri reyd nəticəsində  “Gold Qayalı” ticarət mərkəzinin qızıl və məişət avadanlıqlarının satışını həyata keçirən müvafiq şöbələri bağlanıb. Həmçinin digər bu kimi obyektlərdə də reyd təşkil olunub və qanunun tələblərini pozan sahibkarlar barəsində müvafiq tədbirlər görülüb.

qizil-addeli-265x252

Onu da əlavə edək ki, “Gold Qayalı” ticarət mərkəzinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova məxsus olduğu haqda məlumatlar dolaşır. Elə bu səbəbdən də, sözügedən ticarət mərkəzində Operativ Qərargahın tətbiq etdiyi qaydaların tez-tez pozulduğu müşahidə olunur.

P.S. Sözügedən məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Mənbə KONKRET.az