Köməyə ehtiyacı olan qazi ilə bağlı Ağdaş İH-dən açıqlama: “Xəstədir də, 200 manat yardım olunub” - VİDEO

22:14 17-04-2021 126

“Hospitallarda müalicə alıb. Rayon icra hakimiyyətindən evinə getmişik. Milli Məclisin deputatı Moskvadan dərman gətizdirib. İcra hakimiyyəti tərəfindən, YAŞAT Fondu tərəfindən lazım olan bütün şeylər edilib. Onun burada heç bir şikayəti, heç bir narazılığı yoxdur. Yenə də biz onun qulluğunda, hazırıq, özü bilir”.

Bu sözləri Ağdaş Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, sosial şəbəkələrdə kadrları yayılan və köməyə ehtiyacı olduğu anlaşılan Vətən Müharibəsi qazisi Tarverdiyev Şahmar Şaban oğlunun səhhəti və onun üçün görülən tədbirlər haqqında Yeniavaz.com-a açıqlama verərkən deyib.

Qalib Həsənov bildirib ki, sonuncu dəfə icra hakimiyyətinin əməkdaşları 1 ay əvvəl qazinin evində olub, ona baş çəkiblər: “Xəstədir də, xəstə uşaqlarımızdandır. Hamı nazı ilə oynayır. Bütün qayğılar olunub. İndi əlavə nə sözü, nə tapşırığı varsa baş üstə. Təxminən 5-10 gün əvvəl 200 manat yardım olunub”.

Qazinin qardaşı Tarverdi Tarverdiyev bildirib ki, Şahmar müharibədən sonra bu vəziyyətə düşüb: "Səfərbərlik Xidmətinin çağırışıyla müharibəyə getmişdi. Bu günə kimi onun vəziyyəti ilə də maraqlanan olmayıb. Mən özüm  dəfələrlə icra hakimiyyətinə də müraciət etmişəm. "Xoş gəldin, xoş getdin" sözlərindən başqa bir şey eşitməmişəm. Deyirlər ki, müharibədə yaralanmayıb, hospitala getməyib, əlinizdə həkim kağızı yoxdur deyə kömək edə bilmərik. Qardaşım müharibənin ağırlığından, gördüklərindən psixoloji sarsıntı keçirib. Bu günə kimi də gördüklərini yaddan çıxara bilmir. Müharibə zamanı mərminin qəlpələri sağ tərəfdən qulaq nahiyəsinə dəyib. Az qan axıb. Başağrıları olduğu halda həkimə müraciət etməyib". 

T. Tarverdiyev bildirib ki, video yayılandan sonra qardaşı xəstəxanaya yerləşdirilib: "O ilk dəfədir ki, müalicə alacaq. Videodan sonra Kamil Zeynallı bizimlə əlaqə saxladı. Bu gün onun köməyi ilə qardaşımı Maştağada yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirdik. Həkimlər dedi ki, müalicələrdən sonra düzələcək".

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Ağdaş rayonun Ovculu kənd sakini, Vətən Müharibəsi qazisi Tarverdiyev Şahmar Şaban oğlunun kadrları yayılıb. Kadrlarda qazinin özündə olmadığı və dayanmadan qışqırdığı görünür. Kadrları yayn şəxs onun müharibə zamanı aldığı travmalar nəticəsində bu hala düşdüyünü və köməyə ehtiyacı olduğunu bildirir.

Qazinin anası isə bildirib ki, döyüşlər zamanı yanında partlayan partlayıcı nəticəsində qulağından qan gəlib və hər gün belə travmalar yaşayır. O, Şahmarın özündə olmayaraq özünə xətər yetirdiyini və nəticədə əl-ayaq barmaqlarının əksəriyyətinin qırıq olduğunu bildirib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

YAŞAT Fondundan isə  bildirildi ki, qazinin vəziyyəti və onun üçün görülən işlər barədə məlumat veriləcək.