Bakıda satışa çıxarılan 6,5 milyon manatlıq mülk hansı məmurundur?!

22:16 17-04-2021 153

Azərbaycanda mənzil alanların və satanların ən çox müraciət etdikləri ünvan bu sahədə ixtisaslaşmış veb-saytlardır.

Yeniavaz.com ölkənin aparıcı veb-saytlarına istinadən hazırda satışda olan ən bahalı mənzillərin bəzilərini təqdim edir.

Qeyd edək ki, hazırda satışda olan ən bahalı mənzil Bakı şəhərinin Nəsimi rayonu ərazisindədir. Ümumi sahəsi 1000 kv. metr olan 8 otaqlı təmirsiz mənzilin satış qiyməti 6 milyon 500 min manatdır. Bu mənzil "Port Baku Residence" yaşayış kompleksində yerləşir.

Bundan başqa Bakının Səbail rayonunda, Sahil metrosunun yaxınlığında yerləşən və ümumi sahəsi 600 kv. metr olan 20 otaqlı mənzil 6 milyon 300 min manata satılır.

Qeyd edək ki, hər iki elanda mənzillərin mülkiyyətçisi kimi Hacı adlı şəxs göstərilib. 

Onu da bildirək ki, satışda qiyməti 1-4 milyon manat arasında olan çoxsaylı mənzillər də var. Məslən, Nərimanov rayonu ərazisində ümumi sahəsi 285 kv. metr olan 4 otaqlı mənzil 1 milyon 999 min manata satılır.

Bundan başqa Səbail rayonunda sahəsi 460 kv. metr olan 5 otaqlı mənzil 2 milyon 350 min manata, sahəsi 228 kv. metr olan 6 otaqlı mənzil 2 milyon manata, sahəsi 900 kv. metr olan 10 otaqlı mənzil 1,7 milyon manata, Nəsimi rayonunda sahəsi 265 kv. metr olan 5 otaqlı mənzil 1 milyon 680 min manata satılır.



Bundan başqa, Nəsimi metrosunun yaxınlığında Heydər Əliyev məscidinin yanında ən pestijli küçədə 24 sot torpaq sahəsi üstündə 4 mərtəbəli super təmirli villa satılır. Hər mərtəbəsi 180 kv.m., ümumi sahəsi 720 kv.m, 4-cü mərtəbəsi mansarddır. Qeyd olunan mansardda iri zal, bar, idman zalı yerləşir.

Həmin idman zalında stolüstü tennis masası, basketbol oynamaq üçün yer, trenajor avadanlıqları mövcuddur və ayrıca sanuzel və sanitar qovşaq mövcuddur. Həyətdə qapalı hovuz var. "Besedka" və manqalxanası mövcuddur. 1 maşınlıq qarajı və yeraltı 3 maşınlıq qarajı olan villa əşyalı satılır. Malikanənin qiyməti 3 milyon 400 min manatdır.

Növbəti villa Qara Qarayev metrosu yaxınlığında yerləşir. Malikanənin dəyəri 3 milyon manatdır. Villa xüsusi dizaynda, keyfiyyətli materiallarla tikilib və ən müasir avadanlıqlarla təchiz olunub.

Bakıxanov malikanəsi... Villa dağın üstündə tikilib. 3 mərtəbə və mansard qatdan ibarətdir. 10 otaqlı malikanənin qiyməti isə 3 milyon 250 min manatdır.

 Növbəti bir villa isə Gənclik metrosu yaxınlığında, Teymur Əliyev küçəsində yerləşir. 6 sot ərazidə itilən, ümumi sahəsi 800 kv. m. olan 10 otaqlı villa 3,5 milyon manata satılır.

Sonuncu elan isə Nizami rayonu, Neftçilər metrosu yaxınlığındadır. 7 sot ərazidə tikilən malikanə ilə yanaşı, 2 mərtəbəli ev də alıcıya verilir. Əşyalı satılan villanın qiyməti 3 milyon manatdır.

Mənbə Yeniavaz.com