Sabiq deputatın bacısı oğlu Abid Şərifovun həyat yoldaşına məxsus şirkəti məhkəməyə verdi

22:42 17-04-2021 171

Azərbaycanın tanınmış şirkətlərindən biri olan “Ştutqart” MMC (VÖEN – 1402860271)  “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə (VÖEN – 1000085511) qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com
 xəbər verir ki, növbəti məhkəmə iclasının 20.04.2021-ci il tarixində saat 16:00-da Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulub. Məhkəmə işində hazırlıq və baxış iclasları 09.03.2021 və 01.04.2021-ci il tarixlərində keçirilib.

Məhkəmə iddiasının alıq-satqı müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir. Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 377 min 290 manat olan “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC Azərbaycanın nəhəng tikinti şirkətlərindən hesab olunur.

2013-cü ildə etibarən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" adı ilə fəaliyyət göstərən ASC 2013-cü ilə kimi  "Azərkörpü" adı ilə fəaliyyət göstərib. "Azərkörpü" ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib. 

Qeyd edək ki, açıqlanan məlumatlara görə “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin əsas səhimdarlarının (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızıdır. 

Nizamnamə kapitalı 50 manat olan “Ştutqart” MMC isə 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Ölkə ərazisində çoxsaylı mağazalara sahib olan MMC-nin qanuni təmsişçisi Abdullayev Əfqan Arif oğlunun 2010-2020-ci illərdə Milli Məclisin deputatı olan Nəriman Əliyevin bacısı oğlu olduğu bildirilir. Mətbuatda yer alan məlumatlarda “Ştutqart” MMC-yə qeyri-rəsmi olaraq sabiq deputatın rəhbərlik etdiyi qeyd olunub. 

Onu da qeyd edək ki, son zamanlara kimi “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC dövlət büdcəsinə böyük həcmdə - 1,5 milyon manat vergi borcu olub. Bu məlumat ilk dəfə yeniavaz.com-da yer aldıqdan sonra ASC dövlət büdcəsinə olan vergi borcunu ödəyib. Hazırda isə “Ştutqart” MMC-nin də dövlət büdcəsinə böyük həcmdə -  694 min manat vergi borc var.