Kəmaləddin Heydərovun ailə üzvlərilə bağlı daha bir məhkəmə prosesi - TƏFƏRRÜAT

23:27 17-04-2021 162

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “GP Alpha Greenhouse” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının bu gün – 8 aprel  tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baş tutacağı bildirilib.

Açıqlanan məlumatda qeyd olunur ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisəyə görə qaldırılıb.

Məlumat üçün bildirək ki, “AFB Bank” ASC-nin səhimlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan Holdinq”ə məxsus olub. İki il əvvəl “Gilan Holdinq” bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının  təxminən 70 milyon manat olduğu bildirilib.

Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb. 

Qeyd edək ki, 05.05.2016-ci il tarixində Heydər Əliyev pr. 95 ünvanında dövlət qeydiyyatına alınan “GP Alpha Greenhouse” MMC-nin də “Gilan Holdinq”ə bağlı olduğu bildirilir. “Gilan Holdinq”ə bağlı olan şirkətlərə ev sahibliyi edən “Nərimanov pr, ev 206, m.466” və “Heydər Əliyev pr. 95” ünvanlarında GP adı ilə başlayan bir-neçə şirkət də qeydiyyata alınıb. 

Onu da bildirək ki, bu “AFB Bank”ın Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən şirkətlərə qarşı qaldırdığı ilk məhkəmə iddias deyil. Təxminən bir ay əvvəl “AFB Bank” “Gilan Vegetables” MMC-yə qarşı da məhkəmə iddiası qaldırıb.

Bundan başqa ötən il “AFB Bank” Fövqəladə hallar nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq Cavad oğluna qarşı da məhkəmə iddiası qaldırmışdır.

Mənbə Yeniavaz.com