“QAÇQINKOM”un sabiq rəhbəri kabinetdə hansı işlərlə məşğul olub? – 20 illik SİRR

23:38 17-04-2021 315

Azərbaycanda bir neçə il öncəyə qədər yüksək vəzifə tutan iki Əli Həsənov (biri QAÇQINKOM sədri, o biri də PA-nın şöbə müdiri) vardı. Yox –yox, onlar indi də var, yəni həyatdadırlar. Sadəcə həyatları qədər çox sevdikləri vəzifələri artıq yoxdur. 

İndi deyə bilərsiniz ki, əsas can sağlığıdır, vəzifə filan boş şeydir. Amma görünür bu deyim Əli Həsənovlar üçün keçərli olmayıb, əllərindəki nemətlərin qədrini bilməyiblər. Ona görə də, indi nə vəzifə qalıb, nə də ki, sağlamlıq. Mövzu isə başqadır, korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə, etimadı doğrultmamaq, maliyyə maxinasiyası və sairə.

Bütün bu sadaladığım mövzular Həsənovlara maqnit kimi yapışır. Ancaq mən bu gün Həsənovların yalnız birindən – Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Əli Həsənovdan (Şamiloviç) danışmaq istəyirəm.

O Əli Həsənov ki, vəzifədə olduğu müddətdə qaçqın və məcburi köçkünlərə ayrılan külli miqdarda dövlət vəsaitini mənimsədi, nəvələrinin insan həyatı bahasına başa gələn şıltaqlıqlarını ört-basdır etdi, və sairə. Həsənovun bəd əməllərinə ən sərt reaksiya isə ölkə başçısı İlham Əliyev tərəfindən verilib.

Yəqin xatırlayırsınız, Prezident 2020-ci il may ayının 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edərkən onu  videoformatda qəbul etdi. Elə bu zaman da ölkə başçısı qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin çox zaman müəyyən məbləğ qarşılığında verildiyini və ya ümumiyyətlə kənar şəxslərə satıldığını bildirdi.  Bu fikirlər sabiq “QAQKINKOM”un kabinetdə hansı işlərlə məşğul olduğunun ən bariz sübutudur. 

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi

Təəssüflər olsun ki, Şamiloviç təkcə korrupsiya və rüşvət girdabında boğulmayıb. O həm də, qız nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza nəticəsində iki nəfərin həyatını itirməsinə göz yumaraq, hadisəni ört basdır edib və onu az cəza ilə məsuliyyətdən kənar saxlamağı bacarıb. Xatırlayanlar bilir ki, sözügedən qəza 2017-ci ilin avqustunda baş vermişdi və hadisə nəticəsində iki nəfər həyatını itirmiş, iki şəxs isə ağır yaralanmışdı.

1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan Əli Həsənov digər sabiqlər kimi, büdcəyə milyonlarla ziyan vurub. Bu haqda zaman-zaman müxtəlif media qurumlarında kifayət qədər materiallar dərc olunub.

Qaçqın və məcburi köçkünlərin mənzillə təminatı, kommunal xidmətlərə görə ödənişləri və sair istiqamətlərdə yol verilən korrupsiya hallarının araşdırılması üçün aylar öncə başlanan təhqiqatlar da ortada külli miqdarda korrupsiya faktlarının və maliyyə maxinasiyalarının olduğundan xəbər verir.

ƏLİ HƏSƏNOVUN NƏVƏSİ BARƏDƏ QƏRAR DƏYİŞDİRİLDİ! - 2 nəfərin ölümünə səbəb olsa da, cəzası ləğv olundu! | AzPolitika — onlayn siyasi-ictimai qəzet

Mediada yayılan iddialara inansaq, təhqiqat və araşdırmaların nəticəsindən məlum olub ki,  2 milyard manata yaxın dövlət vəsaiti və xarici yardımlar Əli Həsənovun rəhbərlik etdiyi qurum tərəfindən mənimsənilib.

Bu kimi faktlar Həsənovun 20 illik “fəaliyyəti” dövründə əldə etdiyi “uğurlar”ın yalnız kiçik bir hissəsidir. Aysberqin görünməyən tərəfində isə milyardlarla pul vəsaiti, dəbdəbəli villalar və bahalı avtomobillər, iri şirkətlər, eləcə də saysız-hesabsız obyektlər dayanır.

Sözsüz ki bütün bunlar “QAÇQINKOM”un sabiq rəhbərinin vəzifə maaşı ilə deyil, büdcədən mənimsənilən milyonlar hesabına başa gəlib. Ancaq xirtdəyə qədər korrupsiya içində boğulanların hamısını eyni aqibət gözləyir – DƏMİR BARMAQLIQ…

Müəllif Natiq Səlim,

Mənbə KONKRET.az