Natiq İmanovun başına gətirilənlərə görə Səfər Mehdiyev günahkardır

23:53 17-04-2021 171

Məhbusun anası: “Oğlumun başına bir iş gəlsə, məsuliyyəti Səfər Mehdiyev daşıyır”

 

Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, hazırda həbsdə olan Natiq İmanovun 30 gündür ki, aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə arqument.az-a İmanovun ailəsi məlumat verib.

Məhbusun anası Aygün İmanova deyir ki, oğlu 6 saylı Cəzaçəkmə Müəssisəsində ölümlə üz-üzədir. O bildirib ki, Natiq İmanov qanunsuz həbsi olunması ilə bağlı ölkə başçısına, Baş prokuror Kamran Əliyevə və aidiyyəti qurumlara müraciət edib, lakin onun müraciətinə cavab verilməyib. Bundan sonra aclıq aksiyasına başlayıb.

Aygün İmanova Prokurorluğun və Ombudsman Aparatının da məsələyə biganə yanaşdığını deyir. 

natiqq

Onun sözlərinə görə, oğlunun səhhəti qəfil pisləşib və şok keçirib, hətta həbsxana əməkdaşları da bundan narahat olublar. Aygün İmanova oğlunun başına gətirilənlərə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi günahlandırır. O deyir ki, oğlunun başına hər hansı bir hadisə gəlsə, buna görə məsuliyyəti Səfər Mehdiyev daşıyır, çünki oğlunu şərləyərək həbs etdirib.

Vəkili Elçin Sadıqov deyib ki, Natiq İmanovun aclıq aksiyasına başlamasına səbəb barəsində açılmış cinayət işinin ədalətli şəkildə aparılmaması, Gömrük Komitəsi rəhbərliyinin qərəzli olması və onun haqqında əsassız ittihamlar irəli sürməsi, habelə sifarişlə həbs olunması və etmədiyi cinayətə görə cəzalandırılmasıdır.

valdeyn

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş polkovnik-leytenant Natiq İmanov 5 il azadlıqdan məhrum edilib.

2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

O, pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün rüşvət almaqda təqsirli bilinib.

İmanov isə bütün bu ittihamları rədd edib və Səfər Mehdiyev tərəfindən şərləndiyini bildirib.