Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev kimdir? – İtaliyada böyük biznesi var…

18:17 24-04-2021 297

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib və ona səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti həvalə olunub.

MillətinSəsi.info xəbər verir ki, Teymur Musayev bu vəzifəyə kimi Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.

Qeyd edək ki, ixtisasca uroloq olan Teymur Musayev tibb elmlər namizədidir. 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

O, 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib. O, N.Tusi adına Klinikada direktor, Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor vəzifəsində çalışıb.

Eyni zamanda, T.Musayev İtaliyada Medwellness&SPA mərkəzində baş beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərib. T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin, səhiyyə menecmenti üzrə magistr təhsili alıb. Reproduktiv tibb, həyat tərzi təbabəti, səhiyyə menecmenti sahələrində təcrübəyə sahibdir. 27 ildən artıq müddətdə müxtəlif  klinikalarda çalışıb. 18 il özəl səhiyyə müəssisələrindən birinə rəhbərlik edib.

Teymur Musayev İtaliyanın Komo şəhərində Klaudio Tavera il birlikdə “Medwellness və SPA Srl” adlı klinika təsis edib.  Açıqlanan məlumatda bildirilir ki, “Medwellness və SPA Srl” 2019-cu ilin avqust ayında kurortlar və termal tibb, spa təbabəti, qocalma əleyhinə və idman təbabəti sahələrində geniş və spesifik təcrübəyə malik iki tibb mütəxəssisi Dr. Klaudio Tavera və Dr. Teymur Musayev tərəfindən təsis olunub.