YAP-dan qovulan Hüseynbala Mirələmovun hansı mükafatları var?

18:18 24-04-2021 189

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edilib. MillətinSəsi.info-nun məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

İclasda YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş qeyri-etik hərəkəti ilə bağlı məsələni müzakirə edib.

Məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Musa Quliyev, Elmar Qasımov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Bahar Muradova, Mübariz Qurbanlı, Ədalət Muradov və Rəşad Mahmudov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Hüseynbala Mirələmovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb və hiddətlə qınanılıb.

Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı cəmiyyətdə kəskin etiraz doğurub və ciddi müzakirələrə səbəb olub.

Vurğulanıb ki, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının ali dəyərlərini, Nizamnamənin tələb və prinsiplərini kobud surətdə pozduğuna və təmsil olunduğu Yeni Azərbaycan Partiyasının nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Hüseynbala Mirələmovun tutduğu bütün seçkili vəzifələrdən azad edilməklə Yeni Azərbaycan Partiyasının sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.

Bundan başqa, sabiq deputat Hüseynbala Mirələmovun hansı mükafatlarının olduğu məlum olub.

Həmin siyahını oxuculara təqdim edirik: 

1) “Qırmızı Əmək Bayrağı” ordeni (1980),
2) MDB üzrə “Ən yaxşı 100 direktor” müsabiqəsinin 8 dəfə qalibi (1999-2007),
3) Fransa Sənayeçilər Assosiasiyasının “Napoleon” qızıl medalının laureatı,
4) “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl buta”, “Abdulla Şaiq” və “Rəsul Rza” mükafatları laureatı,
5) “Şöhrət” ordeni (2015),
6) “Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı” (2016),
7) “Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi (1918-1920)” yubiley medalı (2019).

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.