Müdafiə Nazirliyi ailəsinin 5 üzvünü itirən çavuşu təqaüdə buraxmır

17:37 26-04-2021 261

“Məni nəzərə almırlar, heç olmasa, həyatının ən böyük travmasını yaşayan övladımı nəzərə alsınlar”.

Nadir Elbrus oğlu Qurbanov…


Onu yəqin ki, geniş təqdim etməyə, uzun-uzadı təqdimata ehtiyac yoxdur…

Nadiri nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanıyırlar…
Bu, həmin Nadirdir ki, bir günün, bir anın içində ailəsinin beş üzvünü faciəli şəkildə itirib…

Belə ki, İkinci Vətən Müharibəsinin ilk günündə, axşamüstü 5-6 radələrində insanlıq düşməni olan erməni vandallarının, murdar ermənilərin törətdikləri növbəti insanlıq dramı nəticəsində Nadirin Naftalanın Qaşaltı-Qaraqoyunlu kəndindəki evi top atəşinə, partlayışa məruz qalıb və nəticədə də 39 yaşlı həyat yoldaşını-Afaq Əmirovanı, 64 yaşlı anasını-Şəfayət Qurbanovanı, 69 yaşlı atasını-Elbrus Qurbanovu, 13 yaşlı, 7-ci sinifə gedən oğlunu-Şəhiriyarı və 8-ci sinifdə oxuyan 14 yaşlı qardaşı qızını-Fidanı itirib…

Növbəti soyqırımı, növbəti terrakt, növbəti vəhşət, növbəti insanlıq dramı, insanlığın yenə də sinifdə qaldığı, insanlığın yenə öldüyü-öldürüldüyü gün…
Bəli, həmin gündən, 27 sentyabr tarixindən də Nadir və terrakt, erməni…vandalizminin qurbanı olmuş ailəsi bütün Azərbaycanda və dünyada tanınıb, bütün dünya – lal, kar, kor dünya bu dəhşətdən, növbəti erməni vəhşiliyindən xəbər tutub…

Bu dəhşətli faciə, insanlıq dramı nəinki Azərbaycanın, bütün sülpərvər insanların qəzəbinə, dərin nifrətinə, lənətinə səbəb olub…

Həmin gündən Nadir bir oğlu, hazırda Bakıda-idman liseyində oxuyan 15 yaşlı oğlu ilə nə qədər acılı, əzablı olsa da, həyata tutunmağa davam edib…

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Nadir Naftalanın (keçmiş Goranboyun) Qaşaltı-Qaraqoyunlu kəndində anadan olub…Atası Qaşaltı-Qaraqoyunludan, anası Goranboyun Qızılhacılı qəsəbəsindən olub…

Orta məktəbin 9-cu sinfini başa vurduqdan sonra kollecdə təhsilini davam etdirib…
1997-99-cu illərdə həqiqi hərbi xidmətdə olub…

Hərbi xidmətdən bir müddət sonra, 2000-ci illərin əvvəllərində Rusiyaya gedib, uzun müddət orada yaşayıb…

Rusiyada yaşayarkən öz kəndlərindən olan Afaq adlı qızla ailə qurub və 2006-cı ildə böyük oğlu Sadiq və 2007-ci ildə isə 27 sentyabr vəhşiliyinin-terraktının qurbanı olan ikinci oğlu-mərhum Şəhriyar dünyaya gəlib…

Nadir sonradan ailəsi ilə yenidən Azərbaycana, kəndlərinə dönüb…

2014-cü ildən isə Orduda MAXE kimi, qulluq göstərməyə başlayıb və hazırda “N” saylı hərbi hissədə çavuş kimi, çalışır…

2016-cı ilin aprel döyüşlərinin işitrakçısı olan Nadir minbir əzab-əziyyətlə tikib-qurduqları evlərinin top atəşinə, partlayışa, dağıntıya məruz qalmasını, ailəsinin vəhşilik, terrakt qurbanı olmasını da kəndlərindən bir qədər uzaqda- qızğın döyüşlər gedən və Talış – “Ağuçuq” deyilən yerdə xəbər alıb…Və…

Elə həmin gündən də Nadirin səhhətində ciddi problemlər yaranmağa, yaşanmağa başlayıb…

Özünün dediyinə görə, baş ağrılarından, qarabasmlardan… əziyyət çəkir…

“Allah heç bir bəndəsinin başına belə bir dəhşət, faciə gətirməsin…Ailəni sağ-salamat qoyub gedəsən və bir də gəlib görəsən ki…Hələ də həmin anın, həmin günün dəhşəti, şoku içindəyəm…Gözlərimin önündən getmir yaşananlar, yaşadıqlarım… (Gözləri dolur)

Bir anın içində 5 əzizini itirmək nə deməkdir, Allah heç kimə göstərməsin, yaşatmasın…Həmin gündən də baş ağırlarım, qarabasmalar, əsəbiliklər, özünəqapanmalar.. yaranmağa başladı və hələ də davam etməkdədir…Psixi, psixoloji durumum heç yaxşı deyil…Hətta səhhətimlə əlaqədar bir müddət “Papanin” adlanan hospitalda, psixiatriya şöbəsində müalicə aldım…Amma yenə vəziyyətim yaxşı deyil, özümü heç cür yaxşı hiss etmirəm…

Bir anın içində əsəbləşirəm, özümdən çıxıram, özümə nəzarətimi itirirəm…Heç kimə uyuşa, uyğunlaşa bilmirəm… Ancaq çox təəssüflər olsun ki, mənim səhhətim, psixi durumum, başıma gələn faciə, dəhşət bəziləri tərəfindən nəzərə alınmır, qulaqardına vurulur, görməzdən gəlinir…

Mən bu vəziyyətdə xidmətimi davam etdirə bilmərəm, pensiyaya çıxmaq istəyirəm, amma Ordudakı bəzi rəhbər şəxslər məni anlamır, başa düşmür, mənim ya rütbəmi almaq istəyirlər, ya da məni başqa adla ordundan tərxis etmək istəyirlər…

Yeri gəlsə adlarını da bir-bir deyə bilərəm…Heç nədən, heç kimdən çəkinmirəm…Onsuz da həyatımın ən böyük açısını yaşamışam, yaşayıram…Həm də qaradan tünd rəng olmayacaq ki?! Sizdən də xahişim odur ki, mənim dərdimi, problemimi ölkə rəhbərliyinin, Müdafiə Nazirliyinin (MN) diqqətinə çatdırasınız…

Müdafiə Nazirliyindən xahiş edirəm ki, mənim vəziyyətimi, zəhmətlərimi, başıma gələnləri nəzərə alsınlar, mənə qarşı haqsızlığa, ədalətsizliyə, vicdansızlığa…son qoydursunlar və məni pensiyaya göndərsinlər…Mənim 15 yaşlı oğlumdan başqa heç kimim qalmayıb…

Mənim başıma bir iş gəlsə, bəs 15 yaşlı oğlumun taleyi necə olacaq? Onsuz da həyatının ən böyük travmasını alıb, ən böyük acısını yaşayıb mənim kimi…Anasını, qardaşını, əmisi qızını, nənəsini, babasını itirib…Məni nəzərə almırlar, heç olmasa, oğlumu nəzərə alsınlar…Ona görə bir daha Müdafiə Nazirliyindən, ölkə rəhbərliyindən xahiş edirəm ki, mənim vəziyyətimi, durumumu nəzərə alsınlar…”, -deyə, Nadir bildirir…

Sözün yenə aciz qaldığı yer…

Ancaq elə bilirəm və inanmaq istəyirəm ki, Nadirin bu müraciəti, bu xahişi, səhhəti, övladının taleyi, yaşadığı faciə, acı nəzərə alınacaq, ona qarşı ədalətsizliyə, haqqsızlığa son qoyulacaq və ona Haqq etdiyi həssas münasibət göstəriləcək, normal qaydada pensiyaya göndəriləcək.

Yenə də inanmaq və ümid etmək istəyirəm!

        

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Mənbə Etikxeber.az