Başlıbel sakinləri 113 günlük erməni mühasirəsindən necə sağ çıxıblar?

19:56 27-04-2021 117

Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanan ünsürlərinin 1993-cü il aprel tarixində Başlıbel kəndinə hücumu zamanı sağ qalan mülki vətəndaşlarımızın siyahısı açıqlanıb. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, hücumdan sonra sağ qalmış 29 nəfər şəxs - 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanan ünsürlərinin 18 aprel 1993-cü il tarixində Başlıbel kəndində törədilən vəhşilikdən xilas olmaq üçün mağaralarda sığınan mülki əhaliyə etdikləri hücum zamanı 14 nəfər əsir götürülüb. 

Əsir götürülənlər 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu olub. 

Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan doqquz nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

Həmçinin, 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndinə hücumu zamanı düşmənin vəhşiliklərindən qaçaraq, mağaralarda gizlənən yerli sakinləri atəşə tutması nəticəsində 12 nəfər qətlə yetirilib. 

Öldürülən şəxslər 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğludur. 

Qeyd edilib ki, sağ qalmış Başlıbel kənd sakinləri ermənilərin kəndə hücumundan sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 24 aprel 2021-ci il tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, 50 santimetr dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib.

Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.