Ucar rayon sakini məmur İlqar Xıdırovdan ölkə başçısına şikayət etdi

18:28 29-04-2021 144

Ucar şəhəri Şıxəli Qurbanov küçəsi ev 6 ünvanında qeydiyyatda olan İslamov Cavid Şərafəddin oğlu İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırovdan şikayətçidir.

Ölkə başçısına ünvanladığı şikayət məktubunun bir nüsxəsini də “Paralel.az”-a göndərən Cavid İslamov iddia edir ki, 6 il işlədiyi idarənin rəisi onun 7000 manat pulunu mənimsəyib:

“İlqar Xıdırov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənim 7000 manat pulumu ələ keçirib və geri qaytarmaq istəmir. 
Mən 23 mart 2015-ci il tarixdən 20.02.2021-ci il tarixə kimi 6 il İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsində baş çavuş vəzifəsində işləmişəm. Şöbənin rəisi İlqar Xıdırov məni mühafizə zabiti işinə keçirmək üçün 2020-ci ilin oktyabr ayında məndən 7000 manat pul aldı. 

O, hər dəfə “tez bir zamanda işin düzələcək” deyə-deyə məni aldatdı, nə vəzifəyə təyin etmədi nə də ki, pulumu geri qaytarmadı. Sonda da məni hədələyib dedi ki, mən idarənin rəisiyəm sənə yox, mənə inanacaqlar, hara istəyirsən şikayət et.”

Şikayətçi bu ilin fevralında öz ərizəsilə işdən çıxdığını yazır və bildirir ki, sözügedən şöbənin rəisi müxtəlif korrupsiya əməllərinə yol verir: “İlqar Xıdırov öz vəzifə mövqeyindən sui-istifadə edərək, korrupsiya əməlləri ilə məşğul olur. İdarənin avtomobillərinə ayrılan dizel yanacağını satdırır. İdarəyə məxsus 15 ədəd xidməti “pikap”ın sənəddə hər birinin guya 100 km məsafəyə 13 litr dizel sərf etdiyi qeyd olunsa da, əslində həmin maşınlar 100 km-ə 5 litr yanacaq sərf edir. Bu minvalla hər gün dizel yanacağı "Azpetrol" YDM-dən avtomobillərə doldurulur və sonradan idarənin həyətində kənd təsərrüfatı texnikalarına litri 60 qəpiyə satılır. Bu yolla İlqar Xıdırov bir ay ərzində yüzlərlə ton yanacaq sataraq, dövlətin külli miqdarda vəsaitini talan edir. Həmçinin, idarənin təmiri üçün ayrılan pulu mənimsəyərək, təmiri işçilərin vəsaiti hesabına etdirir.”

Sonda şikayətçi şöbə rəisinin əməllərinin araşdırılmasını və ondan aldığı pulun geri qaytarılmasının təmin edilməsini xahiş edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.