Alimpaşa Məmmədovun oğlu da həbs oluna bilər?

19:38 29-04-2021 99

DTX tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılmış və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə də məsuliyyətə cəlb oluna bilər. Bunu Trendə açıqlamasında vəkil-hüquqşünas Xəyal Bəşirov bildirib.

Vəkil bildirib ki, sabiq icra başçısı A.Məmmədov külli miqdarda dövlət əmlakını mənimsəməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərini aşaraq digər qanunsuz əməllər törətməkdə təqsirli bilinir:

“Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi – belə desək simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. Əgər Adil Adilzadənin hüquqazidd əməllərin törədilməsində şəxsən iştirak etməsi, hər hansı sənədləşmədə imza atması və ya digər qanunsuz hərəkətlər aşkarlanaraq sübuta yetirilsə, əlbəttə ki, o da məsuliyyətə cəlb olunacaq. Bütün bu məsələlər istintaqın gedişində məlum olacaq”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaydığı məlumatda bildirilib ki, Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır:

"Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.