Qazaxda Alı Hüseynov sukanal sahəsində öz bildiyini edir? - İDDİA

19:41 29-04-2021 171

Haqqında söhbət açdığımız şəxs Qazax rayon Sukanal Sahəsinin rəisi, Hüseynov Alı Cəlal oğlunu “canavara döndərən” səbəb alkoqol aludəçiliyidir. Ciddi səbəbdir, deyilmi? Deyəcəksiniz ki, bəli, adamlar tanıyırsınız ki, qurd nədir, hətta içib şirə dönür.

Qazaxdakı etibarlı hesab etdiyimiz mənbələrimiz "Dəryaz" qəzetinin redaksiyasına məlumat veriblər ki, Alı Hüseynovu çox vaxt işdə tapmaq olmur. İllah da ki, nahar oldu, vəssalam, hamı bilir ki, bu adam hardasa içib. Bununla belə, nə qədər sərxoş olsa da, idarəetmədə həlləmn-qəlləm işlərini nəzarətində saxlaya bilir.

Belə ki, 8 nömrəli Regional Sukanal İdarəsinin xidmət etdiyi bütün rayonlardakı struktur vahidlərinə xas olan neqativ hallar Qazax Sukanal Sahəsində də vardır. Həm də daha artıq dərəcədə: Şənbə-bazar günləri şöbəsindən asılı olmayaraq bütün işçilər hamısı əhaliyə yazılmış qanınsuz borcları yığmağa məcbur edilir.

Halbuki bu borcları vaxtilə bu sahədə işləmiş şəxslər qanunsuz, əsassız yazıblar və indi də onların yerinə gələn işçilər bu borcu zorla almağa çalışırlar. Borcu olan abonentlərin suyunu kəsməyən işçiləri incidib töhmətlə qorxudurlar. Aidiyyatı olmayan işçilər pul yığımına cəlb edilir.

Alı Hüseynov sahəni rüşvət mənbəyinə çevirib. Kanalizasiya şəbəkəsinə, su şəbəkəsinə qoşulmaq üçün isə rüşvət alınır. Halbuki, su-kanal sahəsində bütün bu işlər pulsuz, ödənişsizdir. Kodu olmayan bəzi obyektlərə qanunsuz su xətti verilir və oradan alınan pullar mənimsənilir. Baxımsızlıqdan su kanalizasiya axıntıları yollara axır və beləliklə də asfalt örtüyü də sıradan çıxır, dövlətə xeyli zərər dəyir. Bina mənzillərinin və həyət evlərinin su sayğaclarının plombu qəsdən sındırılır və buna görə abonentlərə haqsız cərimələr yazılır.

Bütün bunlardan başqa, Alı Hüseynovun daha bir gəlir mənbəyi “DOST” MMC-nin xətti ilə məşğulluğu təmin olunan işsizlərin 240 manatına göz dikməsidir. Məsələ burasıdır ki, Məşğulluq Xidmətinin yerli sukanal idarəsinə az maaşla işləməyə göndərdiyi şəxsləri Alı Hüseynov dilə tutur ki, idarədə onların görəcəyi bir iş yoxdur, əsas personal öz işinin öhdəsindən gəlir. Yaxşısı budur ki, adları getsə də, işə çıxmasınlar, maaşları yazılsın, sosial sığortaya (pensiya fonduna) ayırmalar edilsin, lakin məvaciblərini Alı özünə götürsün. Az gəlirli ailə kimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib ailə üzvlərinin sayına müvafiq məbləğdə ünvanlı sosial yardım (ÜSY) alsınlar.

Xatırladaq ki, ÜSY almaq üçün ailənin əmək qabiliyyətli üzvləri mütləq işaxtaran, yaxud, işləyə-işləyə işaxtaran kimi qeydiyyatda olmalı, məşğulluq xidmətinin onlar üçün etdiyi iş təklifini dəyərləndirməli, az da olsa rəsmi gəlir mənbəyinə malik olmalıdırlar. Bu məsələdə fəlsəfə ondan ibarətdir ki, işləmək istəməyən vətəndaşın dövlətdən yardım istəməyə haqqı yoxdur.

Maraqlıdır ki, maaş kartlarını Alı Hüseynova bağışlayan həmin adamlar ÜSY üçün müraciət etdikləri ƏSMN-də heç bir bürokratik əngəllə qarşılaşmırlar. Çünki bu sövdələşmədə hamı qazanır – ÜSY alan da, Sukanal rəisi də, onunla əlaqədə olan məşğulluq xidmətinin və ƏSMN-nin gözüaçıq vəzifəli şəxsləri də. Uduzan isə dövlət olur, dövlətin büdcəsi olur.

Başqa bir təsdiqlənmiş məlumata görə A.Hüseynov Ağköynək kəndi ərazisindən keçən 250-300 metr uzunluğunda iri diametrli su borusunu kəsib satıb. Həmin boruların sökülüb satılmazdan əvvəlki görüntülərini əks etdirən fotoşəkilləri də redaksiyaya ötürülüb. Lazım gəldiyi təqdirdə biz də öz növbəmizdə həmin fotoşəkilləri bu cinayət işinin araşdırılması ilə məşğul olacaq hüquq-mühafizə orqanlarına təqdim etməyə hazırıq.  

İndi isə keçək “qoyun məsələsinə”. Qoyun otarmaq ayıb deyil, çobanlıq da qədim peşədir. İslam peyğəmbəri Məhəmməd əleyhisəlam da yeniyetmə vaxtında əmisinin qoyunlarını otarıb. Amma iş burasıdır ki, Alı Hüseynov keçmiş iqtisadiyyat naziri, hazırda baş nazirin müavini olan Şahin Mustafayevin qoyunlarını otarır. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirir ki, Ş.Mustafayevlə A.Hüseynov yeznə-qayındırlar. Məliumata görə, Mustafayevin Qazaxda heyvandarlıq ferması və başqa obyektləri vardır ki, hamısına nəzarəti və idarə edilməsini Hüseynova tapşırıb.

Qeyd olunur ki, A.Hüseynov bu qohumluqdan cürətlənərək, “Azərsu” rəhbərliyindən çəkinmir, sukanal sahəsində öz bildiyini edir. Bildirilir ki, Ş.Mustafayev keçən ilin aprelində dövlət başçısının sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın həyata keçirilməsi üzrə yaradılmış komissiyanın sədri təyin olunandan sonra A.Hüseynov daha da qanadlanıb.

Qazaxən Ağköynək kəndində su borularının satılması ilə bağlı Alı Hüseynovun özü ilə telefon bağlaqntısı yaradıb münasibətini öyrənməyə çalışdıq. Sukanal rəisi acıqlı formada: “Gedin, nə istəyirsiniz yazın” deyib dəstəyi asdı. Düşündük ki, yəqin yenə də içkilidir.

Sonra “Azərsu” ASC-nin press-attaşesi Anar Cəbrayıllıya zəng vurduq. Dinlədikdən sonra tövsiyə etdi ki, təmsil etdiyi quruma rəsmi məktubla müraciət edək. Razılaşdıq. Onsuz da bir neçəı ünvana məktub göndərəsiyik. O cümlədən, Qazaxın yerli hüquq-mühafizə və cinayət təqibi orqanına.

Mənbə Deryaz.az