BNA-nın sədri “parkovşik”lərdən danışdı: “Onların arxasında himayədarı var”

19:48 29-04-2021 189

2020-ci ildə Bakı şəhərində 119 avtobus yenilənib. Onlardan 115-i dövlət, dörd ədədi özəl şirkətlər tərəfindən edilib.  milletinsesi.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. 

O bildirib ki, hər il Bakı şəhərinə 300 yeni avtobus gətirilir: “Ümumilikdə, 2015-ci ildən bu günə qədər 968 avtobus yenilənib. Bunun 764 ədədi dövlət, 244 ədədi özəl şirkətlər tərəfindən edilib. Avtobus parkının bu günə qədər 46 faizi yenilənib. Bunun isə 74 faizi CNG yanacağı ilə işləyir. 2025-ci ilə qədər qarşıya qoyulan hədəflərdə ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulur”. 

V.Kərimli qeyd edib ki, yeni avtobuslarla gündəlik orta hesabla 630 mindən çox sərnişin daşınır. O bildirib ki, 2020-ci ildə metronun bağlanması ilə avtobuslara tələb çoxalıb: "Bəzi avtobuslar kartlaşma sistemi üçün əlverişli deyil. Bunun üçün biz həmin avtobusları təmir edib, kart sistemində çalışmasını təmin edirik”.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, gündəlik 600 minə yaxın sərnişin nağdsız ödəmə sistemindən istifadə edir: “Sərnişin səyahətlərinin 47 faizini nağd ödəmə, 53 faizini nağdsız ödəmələr təşkil edir. 2020-ci ildə 478 avtobusda kart sistemi tətbiq edilib ki, hazırda ümumilikdə 1107 avtobus kartla fəaliyyət göstərir”.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, 2020-ci il ərzində 301 avtobus dayanacağı təşkil edilib. Onlardan 100-ü pavilyondur.  O bildirib ki, son 5 ildə ümumilikdə 791 dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur: “Ümumilikdə dayanacaqların 40 faizi yenilənib. Qalan 60 faizi isə tam təmir olunub. Gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması da nəzərdə tutulur”.

V.Kərimlinin sözlərinə görə, 50 marşrutda 1097 avtobusda mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub:  “Bunlar daha çox real vaxt rejimində əldə olunacaq məlumatlarla - sərnişin axınının həcmi və istiqamətləri, sürücülərə və sərnişinlərə nəzarət, dayanacaqdan kənar keçən marşrutlarla və s. bağlıdır”.

O bildirib ki, Şüvəlan qəsəbəsinə yeni avtobus xətti açılacaq. Sözügedən xətt yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək: “Yaxın zamanlarda daha bir neçə xətt açılacaq, onlardan biri də Şüvəlan qəsəbəsinə nəzərdə tutulub”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, “Parkovşik" adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyatı yoxdur: "Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarları var. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”, - deyə o, qeyd edib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, yollarda xüsusi avtobus zolaqları olduğu zaman müəyyən küçələrdə sıxlıqlar olacaq, əhali buna öyrəşməlidir. 

O bildirib ki, bu gün xüsusi zolaqların verdiyi zəncirvari effekti hələ ki yarada bilməmişik: “Təklif etdiyimiz 24 zolaqdan 13-ü razılaşdırılıb. Onlardan 10-u artıq təşkil edilib. Məsələn, Atatürk prospektində xüsusi zolaq var, amma Ziya Bünyadov prospektində itir. Avtobus da nəzərə almaq lazımdır ki, təyyarə deyil. Sərnişinlər narazılıqlarını başa düşürük, amma avtobusların intensivliyi təmin edilmədikcə sıxlıqlar yaşanır”. 

V.Kərimli dar küçələrdə xüsusi zolaqlarını yaradılması məsələsinə də toxunub: “Əksər dar küçələri olan dünya şəhərlərində avtobus zolaqları salınıb. Xüsusi zolaqla sərnişinlərin səyahət etmə vaxtı 2 dəfə, sərnişin sıxlığı da azalır. Avtobus zolaqları şəxsi nəqliyyatdan çox avtobuslardan istifadəni stimullaşdırmaq üçündür”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, şənbə və bazar günləri bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var. 

Onun sözlərinə görə, həmin daşıyıcılarla bağlı müvafiq iş aparılacaq. Belə ki, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir: “Biz məlumatlandırma xidməti rolunu oynayırıq. Təkliflər verilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq”.

V.Kərinli əlavə edib edib ki, parklanma məsələsi qaldırılanda fərqli kanallardan və istiqamətlərdən qara piar aparılır: “Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablanmadan investisiyanı cəlb edə bilmirik.
Parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik.

Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb. Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur”. 

O qeyd edib ki, pandemiyaya görə hava nəqliyyatı üzrə uçuşlar dayandığı üçün Operativ Qərargahın qərarı ilə Hava limanı istiqamətində ekspress avtobuslar dayandırılıb. Bunun açılıb-açılmaması da Operativ Qərargahdan asılıdır.  O, eyni zamanda avtobusların sayının artırılması məsələsinə də aydınlıq gətirib: “Avtobus sayını yox, yolunu artırmalıyıq. Metro bağlı olduğu üçün nə qədər avtobus çıxarsaq da, mümkün deyil”.