“Şəmkir işi”ndə adı hallanan Famil Xəlilov: "Heç kəsə rüşvət verməmişəm"- VİDEO

14:07 30-04-2021 144

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin motivi məlum olub. 

Alimpaşa Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan tikinti normativlərinin pozulduğu binaların tikintisinə qanunsuz icazə verməsidir. 

Yaşayış binaları isə əsasən “Park Kolizey” MTK şirkəti tərəfindən aparılıb.

Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovun qanunsuz tikinti fəaliyyəti ilə bağlı adı hallanan iş adamı Famil Xəlilov yayılan məlumatlara münasibət bildirib.

“Park Kolizey” MTK şirkətinin rəhbəri Famil Xəlilov qafqazinfo-ya açıqlamasında bildirib ki, iki il əvvəl Şəmkir şəhərində bərbad vəziyyətdə olan bir parkı abadlaşdırmaq  və orada köhnə binanın yerində yeni hündürmərtəbəli bina tikmək qərarına gəlib: “Bunun üçün icra hakimiyyəti ilə danışıqlar aparanda həmin binanın icra hakimiyyətinin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəmkir Ərazi İdarəsinin balansında olduğunu bildirdilər. İcra hakimiyyətindən bizə heç bir kömək edə bilməyəcəklərini söylədilər. Biz də qanunlara uyğun olaraq həmin ərazini özəlləşdirdik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazım olan bütün sənədləri toplayaraq tikintiyə başladıq”.

F.Xəlilov qeyd edib ki, Şəmkir şəhərində yaşayış binaları əsasən “Park Kolizey” MTK tikinti şirkəti tərəfindən aparıldığından ittihamlar eyni zamanda onun ünvanına səslənib: “Şəmkir rayonu İcra Hakimiyyətinə məxsus olmayan bir ərazi üçün hər hansı rüşvətin verilməsi məntiqsizdir. Haqqımda bu xəbəri yaydıranlar və yayanlara bildirmək istəyirəm ki, sizlər bizi istəməyən və Şəmkirimizin gözəlləşməsini, abadlaşmasını istəməyən adamlarsız. İddia edilənlərin əsası yoxdur və heç kəsə rüşvət verməmişəm. Bundan sonra da belə hallar təkrarlanarsa, məhkəməyə müraciət edəcəyəm”.

Daha ətraflı Baku TV-nin süjetində: