Şəmkir RİH-nin rəsmi saytında Alimpaşa Məmmədov hələ də icra başçısıdır

14:11 30-04-2021 144

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vəzifəsindən azad edilib. 

Hazırda icra başçısı vəzifəsi İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Fəxrəddin Vəli oğluna həvalə olunub.

Buna baxmayaraq Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi saytında aparatın struktur siyahısında Alimpaşa Məmmədov hələ də icra hakimiyyətinin başçısı kimi qeyd olunub.


Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun məhkəmə qərarı ilə həbs olunması haqda məlumat yayıb. O külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsi ilə ittiham olunur.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.