Nəfsin gücü

21:59 30-04-2021 189

Pul, şərəf və vicdan məsələsi

Gəlin əvvəlcə ondan başlayaq ki, insan nəfsinin hüdudlarını bilən bir kimsə yox, bu fani dünyada. Çünki nəfs insanın iradəsini yoxlamaq üçün göndərilən bir hissdir. İnsanın iradəsi güclüdürsə, nəfs heç zaman onu özünə tabe edə bilməz. Bunun üçün də insanda dinə və Allaha inam olmalıdır. İnam olmayan yerdə iradə, iradə olmayan yerdə isə insanın özünə güvəni itər və insan nəfsi qarşısında aciz qalar. Bu halda şərəf, vicdan kimi insani dəyərlər də, nəfsin qurbanına çevrilir.

Son günlər ölkə ictimaiyyətinin geniş müzakirə etdiyi Mirələmov olayı da heç şübhəsiz ki, nəfsin gücü qarşısında iradə zəifliyi nəticəsində ortaya çıxan bir haldır. Bu kimi halların ictimailəşməsi isə sözün bütün mənalarında cəmiyyətin yüksək təbəqəsinin nə dərəcədə mənəvi deqradasiyaya uğradığının göstəricisidir.

Onu da diqqətinizə çatdırım ki, bəzi məmurlar var-dövlət, sərvət, səlahiyyət əldə etdikdən sonra, sanki pulun, sərvətin girovuna çevrilirlər. Bu da danılmaz bir həqiqətdir ki, bir insan ki, pulun girovuna sevrildi ondan istənilən naqis hərəkəti gözləmək mümkündür. Bu bir növ xəstəlikdir, sağalmaz bir xəstəlik. Pul bəzən insanın təkcə gözünü örtmür, həm də şüurunu, düşüncəsini belə, kor edir. Belə insanlar heç törətdikləri əməllərinə görə cavab vermək iqtidarında belə olmurlar. Pul onların bütün düşüncələrinə, həyat tərzinə hakim kəsilir.

Bütün bu müzakirələrdə  mənim diqqətimi çəkən, daha çox düşündürən və narahat edən YAP (Yeni Azərbaycan Partiyası) Siyasi Surasının üzvü, tanınmış pedoqoq və ictimai-siyasi xadim, professor Şahlar Əsgərovun bu fikirləri oldu: "İnanmağım gəlmir ki, YAP üzvü bu cür naqis hərəkət edib". Burada YAP-ın qurucularından biri olan mərhum Sirus Təbrizlinin uzun illər əvvəl özünün də təmsil olunduğu partiya haqqında dediyi bu sözlər yadıma düşdü: "Simasız quldurlar partiyası". Bu sözləri o zaman Şahlar müəllim də eşitməmiş deyil. Əlbəttə, burada söhbət heç də bütövlükdə bu partiyaya üzv olan insanlardan getmir. Amma fakt faktlığında qalır və bunu heç kim inkar edə bilməz. Təkcə son beş ildə bu partiyadan nə qədər "simasız quldur" ifşa olunaraq görəvdən alındı, həbsxanalara göndərildi. 

Bugün bütünlüklə dövlət idarəçiliyi sistemində çalışanların, eləcə də təhsil, səhiyyə, hüquq-mühafizə orqanları və s. yerlərdə rüşvət yığanların, daha yüksək vəzifələrdə oturub korrupsiya və inhisarçılıqla dövlətin sütünlarını laxladanların 80-90 faizi YAP üzvləri deyilmi, hörmətli Şahlar müəllim? Bunu siz məndən daha yaxşı bilirsiniz. Ölkəmizdə gündən -günə çiçəklənməkdə olan rüşvətxorluq, korrupsiya və inhisarçılıq faktlarını təhlil etsəniz görəcəksiniz ki, Azərbaycan xalqının bugünkü acınacaqlı duruma düşməsində ən fəal rol oynayanların da, böyük əksəriyyəti YAP-çılardır. İnsanın öz nəfsinin quluna çevrilərək şərəfini, nüfuzunu, hörmətini, ləyaqətini, nəhayət bütövlükdə insani keyfiyyətlərini itirməkdə hansı partiyanın üzvü olması heç də əsas məsələ deyil. Ancaq onu da düz buyurursunuz ki, insan bir vəzifədə 5 ildən artıq qalmamalıdır. Çünki uzun müddət vəzifədə qalan insan sonda çaşır, dəngəsini itirir, onda özündən müştəbehlik, əvəz olunmazlıq sindromu yaranır. Bundan sonra isə bütün insanı keyfiyyətlərini itirərək manqurtlaşır. 20-30 il nazir, komitə rəhbəri, polis rəisi, prokuror, baş həkim, məktəb direktoru işləyən, deputat olan şəxs hesab edir ki, artıq o, əvəzedilməz şəxsiyyətdir və bütün qanunlardan daha yüksəkdə durur.

Təəssüflər olsun ki, bu gün Azərbaycan belə kateqoriyalara bölünmüşlər məmləkətinə çevrilib. YAPkratiya bu ölkədə olan bütün mənəvi dəyərləri məhv edərək, onu maddiyyat üzərində qurulmuş idarəolunmaz bir dövlətə çevirib. Artıq məmləkət əhli də tam əmindir ki, bu ölkədə pul müqabilində istədiyini edə bilərsən. Qanun isə ancaq pulu, vəzifəsi olmayan kasıblar üçündür. Məmurlar isə bu ölkəni çapıb, talayaraq əldə etdikləri milyonlar hesabına toxunulmazlıq hüququ əldə ediblər, bu məmləkətdə.

Bəli, son zamanlar ölkədə rezonans doğuran «MTN işi» və digər həbslər də, onu deməyə əsas verir ki, bu ölkədə pulsuzu, kasıbı heç kim insan yerinə qoymur. Avropada və digər inkişaf etmiş ölkələrdə təbiətə, canlı aləmə olan diqqət və qayğı Azərbaycanda sadəcə olaraq reklam xatirinə dilə gətirilir. Orada itə, pişiyə olan diqqət isə bizdə insana qaşı belə, yoxdur və bu, günümüzün reallığıdır. YAPkratiya istəsə də, istəməsə də reallıq budur. Ölkəmizdə elə bir təbəqələşmə yaranıb ki, az-çox vəzifəsi, səlahiyyəti olan adi insanlarla rəyyəti kimi rəftar edir, yaxud da gəlir, əyləncə mənbəyi kimi baxır.

Bir vaxtlar Rusiya prezidenti Vladimir Putin də çıxışında qeyd etmişdi ki, prezident vəzifəsində iki müddətdən artıq olmaq, insanı tükəndirir və ətrafının təsiri altına düşərək heç bir yenilik etmək iqtidarında olmur. Bununla belə özü də vəzifəsindən xoşluqla ayrılmaq istəmir.

Azərbaycanda da vəzifə kreslolarını zəbt edərək, milyonlara sahib olan oliqarx-məmurlar gənc kadrların fəaliyyətinə əngəl olmaqla, həm də prezidentin fəaliyyətinə kölgə salırlar.

Bəli, həqiqətən də insan nəfsini hüdudu yoxdur. Baxın, milyonlarla sərvəti olan, heç bir maddi sfıxıntısı olmayan məmur yenə də rüşvət alır, insanlara qarşı kobudluq, yekəxanalıq edir və tam əmindir ki, bu əməllərinə görə onu heç kim cəzalandırmayacaq. Amma yaddan çıxarır ki, bir gün haqq-hesab məqamı yetişəcək və bütün əməllərinə görə cavab verməli olacaq.

Bu gün onlardan bir neçəsini diqqətinizə təqdim edirəm- keçmiş MTN şefi Eldar Mahmudov, yaşlı nəslin, pensiyaçıların qənimi və artıq həbsdə olan Səlim Müslümov, eks-nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhərini tanınmaz hala salan Hacıbala Abutalıbov, qaçqın-köçkünlərin pulu ilə milyarder olan Əli Həsənov və nəhayət Azərbaycan mediasını məhv, jurnalistləri isə kölə edən Əli Həsənov və onun dəstəkçisi Vüqar Səfərli. Bu siyahını nə qədər istəsəniz uzatmaq olar, amma gerçək o ki, onların fəaliyyətinin mahiyyəti dəyişməz qalır-talançılıq və quldurluq.    

Pulun, var-dövlətin, sərvətin hakim olduğu yerdə isə namus, qeyrət, şərəf kimi mənəvi dəyərlərə yer olmur. Baxmayaraq ki, adlarını çəkdiklərimin əksəriyyəti, "xidmətlərinə" görə "Şərəf", "Şöhrət" ordenlərinə də sahib çıxıblar.

P.S. Minimum pensiya cəmi 250 manat olan bir məmləkətdə, həmin zatların pensiyaları da, sadə vətəndaşların pensiyalarından 20-30 dəfə çoxdur. Bu gün vəzifədə olan və xalqın rifahından danışanlar isə sübut etməyə çalışırlar ki, Azərbaycan xalqı bu 250 manata görə YAPkratiyaya minnətdar olmalıdır. Yoxsa, AXC-Müsavat hakimiyyəti onları acından qıracaqdı. YAP gəldi onları xilas etdi. Yəqin ki, Mirələmov da, o biçarə qadını xilas etmək istəyirmiş...

Bu qədər, Allah hər birinizi pulun qulu olmaqdan qorusun, inşəallah!