Dünyada neft erasının bitməsinə az qalıb

22:02 30-04-2021 144

Uzağı iki onillikdən sonra dünyanın neftə tələbatı iki dəfə azalacaq

Heç kimə sirr deyil ki, Azərbaycan dünyada xammal ixracatçısı kimi tanınan ölkələr sırasına daxildir. Bunu ölkə daxilindəki statistik məlumatlara görə də təyin etmək olar. Məsələn, ötən bir il ərzində, dünyada neftə tələbatın pandemiya səbəbi ilə azaldığı bir vaxtda, Azərbaycan ixracatının 88 faizini xam netf, qaz, qaz-kondensat və digər neft məhsulları təşkil edib. Yəni qeyri-neft sektorunun payı ötən bir ilin nəticələrinə görə cəmi 12 faiz təşkil edir. Diqqətli oxucular yəqin xatırlayır, ötən ilin aprel ayında dünya bazarında neft mənfi qiymətlərə satıldı. Yəni neft brokerləri anbarda qalan xam nefti boşaldıb, yeni partiyanı qəbul etmək üçün alıcılara hər barelə görə 15-20 dollar civrında üstəlik verirdilər. Düzdür, Azərbaycan nefti həmin dövrdə 15,81 dollara ticarət edilirdi, amma bu o demək deyil ki, belə bir təhdid bizi gözləmir. Buna bənzər kritik məqamlar artıq son 20 il ərzində üç dəfə baş verib - 2008, 2015 və 2020-ci illərdə neftin qiyməti kəskin ucuzlaşıb, həmin dövrlərdə Azərbaycan nefti maya dəyərindən aşağı qiymətə satılıb. Ötən ilin aprelində Azərbaycan neftinin mənfi qiymətlərə qədər ucuzlaşmamasının yeganə səbəbi ondan ibarətdir ki,  "Azeri LT CIF" markalı Bakı nefti dünya birjalarında deyil, birbaşa limanlarda satılır. Bu isə o deməkdir ki, biz dünya birjalarında oyunçu kimi iştirak etmirik, sadəcə olaraq birja brokerləri proqnozlaşdırma aparmaq üçün Azərbaycanın gündəlik satışının statistik həcmi barədə məlumat alırlar. Bu səbəbdən də dünya birjalarında hər dəqiqə tərəddüd edən neft qiymətləri "Azeri LT CIF" markalı Bakı neftinə dərhal təsir edə bilmir, birjadakı qiymət dəyişiklikləri bizim neftin qiymətlərinə ən tezi bir sutka sonra təsirini göstərir. Neftin birjadankənar satışı bəzən xeyirə, bəzən isə zərərə işləyir - birjada tendensiya ucuzlaşma ilə müşaiyyət ediləndə bu bizə xeyir, əks halda isə zərər verir, azı bir sutka nefti köhnə qiymətlərlə satırıq.

Digər tərəfdən, neftin birjadankənar satışı həm də qaçaqmalçılığa, neftin qeyri-rəsmi satışına, köbub desək, neft oğurluğuna şərait yaradır. Əstəğfurullah, biz iddia etmirik ki, "Azeri LT CIF" markalı Bakı neftinin satışı zamanı oğurluğa, qaçaqmalçılığa yol verilir, bu sahədə anbarlarımızın qıfılı etibarlı əllərdədir. Sadəcə olaraq, beynəlxalq təcrübədə belə hallar olub və olmaqda davam edir. Məsələn, Venesuela neftinin yarıdan çoxu qeydiyyatsız satılır, ona görə də bu ölkənin neft ticarətini nəzərə alan birja brokerləri həmişə onlara çatan rəqəmi dərhal ikiyə vururlar. Azərbaycanın nəticələrinin isə neçəyə vurulması barədə əlimizdə təsdiqlənmiş məlumatlar olmadığından susuruq...

Yuxarıda qeyd etdiyimiz neft qiymətlərinin ucuzlaşma dönəmləri əsasən iqtisadi böhranlarla bağlı baş verib və uzağı iki-üç ilə neftin qiymətlərində sabitləşmə müşahidə edilib. Lakin qarşıdan neftin elə bir ucuzlaşma erası gəlir ki, o ucuzlaşmadan sonra neftin qiymətlərinin yenidən mənfəətli mövqeyə çıxması gözlənilən deyil. Düzdür, orta və qısa müddətdə neftin pozetiv qiymətlərinin olacağını gözləyən nüfuzlu beynəlxalq təşkilatlar da var. Amma bütün bu proqnozlar amillərin sabitliyi fonunda hesablanır, qeyri-sabitliyi isə hesablamaq mümkün deyil. Məsələn, "MoodyTs" beynəlxalq kredit reytinq agentliyinin açıqlamasında qlobal energetika sektoru üzrə proqnozun dəyişdirilməsi tələb və qiymət artımı səbəbi ilə bağlı olduğu göstərilib, əmtəə qiymətlərindəki artımın gələcək 12-18 aylıq dövrdə bu sahəni dəstəkləyəcəyini gözlədiklərini bildirib: "Orta müddətdə neftin 1 barelinin qiymətinin 45-65 ABŞ dolları aralığında olacağını təxmin edirik". "MoodyTs" hesab edir ki, qlobal iqtisadiyyatda artım neft və təbii qaza tələbat bu ilin sonuna və 2022-ci ilin əvvəlinə proqnozlaşdırılır. Bəs üç-beş il sonra nə baş verəcək, bu barədə danışmaq çətindir. Amma bir tendensiyanı oxucuların diqqətinə çatdırmaq istərdik ki, dünyada alternativ və bərpa edilən enerji mənbələrinə maraq çox ciddi şəkildə artıb. Bu mənbələrdən enerji az miqdarda əldə edilsə də, dünyanın bütün periferiyalarında həmin enerjini almaq mümkündür. İndiyə qədər bu sahəyə təcrübə-sınaq bölməsi kimi baxılırdısa, bu gün alternativ və bərpa edilən enerji mənbələri azad biznesin marağına səbəb olmağa başlayıb. Bu isə o deməkdir ki, qarşıdakı üç-beş il ərzində alternativ və bərpa edilən enerji mənbələrindən istifadəyə maraq dəfələrlə artacaq. Bu isə artıq neft erasının sonunu gətirəcək, min kilometrlərlə uzanan kəmərlər, milyardlarla barel neft tutan anbarlar, ən məhsuldar neft quyuları və s. artıq tarixin səhnəsindən çıxaraq muzeylərə çevriləcək.

Məsələn, bu ilin I rübündə ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" şirkəti 438 milyon dollar xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 dəfə çoxdur. Yanvar-mart aylarında "Tesla" qlobal miqyasda 184,8 min avtomobil satışı həyata keçirib və 10,4 milyard dollar gəlir əldə edib. Bu isə 1 il əvvələ nisbətən 76,3% çoxdur. Bir şirkətin mənfəət il ərzində dəfələrlə artırsa, deməli bu sahədə sürətli inkişaf tendensiyası var.

Külək enerjisi, Günəş enerjisi, hidroenerji, geotermal enerji, bioyanacaq istehsalı bu gün dünyanın enerjiyə olan tələbatının cəmi bir neçə faizini təşkil etsə də, onun xüsusi çəkisi ildən-ilə sürətlə artmaqdadır. Hələ elə alternativ enerji mənbələri var ki, onların qeydiyyatı yoxdur - sadəcə bir dağ kəndində çayın kənarında yaşayan insanlar özləri üçün mini su-elektrik stansiyası tikir, heç bir dövlət orqanının da bundan xəbəri yoxdur. Bu gün dünyanın hədəfi alternativ və bərpa olunan enerji istehsalını dünyada enerjiyə tələbatın yarısını qarşılamaq səviyyəsinə çatdırmaqdır. Bu hədəf əldə edilərsə, karbohidrogen bazarında qiymətlər dəfələrlə ucuzlaşacaq və bir daha bu bazarda qiymətin bahalaşmasına ümid etməyəcək. Birincisi, bu hədəfə nail olunduqdan sonra dünyanın mərkəzləşdirilmiş energetika şəbəkəsinin mənzərəsi dəyişəcək, mərkəzdən asılı olmayan, müstəqil (avtonom) energetika mənbələri yaranacaq. Bununla da dünya xalq təsərrüfatı strukturlarında ciddi dəyişikliklər müşahidə ediləcək. Artıq iri istehsal zavodları dinozavrlar kimi sıradan çıxacaq, əvəzində kiçik həcmli, alternativ və bərpa edilən enerji ilə çalışan kiçik sexlər meydana çıxacaq və onlar dünya iqtisadiyyatının əsasını təşkil edəcəklər.

Bu prosesdən Azərbaycan iqtisadiyyatının uduşlu çıxması üçün hazırda neftdən gələn gəlirlərin bir hissəsini alternativ və bərpa edilən enerji istehsalının təkmlləşdirilməsinə və inkişaf etdirilməsainə yönəldilməlidir. Ölkə postneft dönəminə hazırlaşmalıdır - bütün strukturlar, məhz həmin mərhələnin tələbatına uyğunlaşdırılmalıdır. Bu gün neftdən əldə edilən gəlirlərə bir fürsət kimi baxılmalı, həmin imkanlar hesabına ölkəyə yeni texnologiyalar gətrilməli, yerli texnologiyalar inkişaf etdirilməli, həm də bu istiqamətdə əhali arasında maarifləndirmə işi aparılmalıdır. Vətəndaşlarımız anlamalıdır ki, hər bir ailə, hər bir ev öz avtonom enerji mənbəyini yarada bilər. Azərbaycanda belə imkanlar hazırkı texnologiya ilə də reallaşdırıla bilər, gələcək texnologiyalar isə bütün dünyanı bu işə cəlb etməyə şərait yaradacaq.