ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

22:10 30-04-2021 90

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

 

(əvvəli ötən saylarımızda)

 

3) Orucla bağlı zəruri bilgilər

- oruc imsaq vaxtından iftar vaxtınadək ibadət niyyəti ilə yeməmək, içməmək, cinsi münasibətdə olmamaqdır;

- oruc tutmağa niyyət edilməlidir, niyyət işin mənasını anlamaqdır, içdən, istəyərək, mahiyyətini başa düşərək verilən qərardır. Din deyir ki, niyyət bir işi, bir vəzifəni uca Allahın əmrinə tabe olmaq, Ona mənəvi yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarıdır. Niyyət ibadətlərin şərtidir, ancaq bunu dillə söyləmək şərt deyildir, insan gördüyü işin mənasını başa düşürsə, o niyyət etmişdir;

- oruc tutmağın üç şərti var: müsəlman olmaq, ağıllı olmaq (dəliyə oruc fərz deyil), həddi-büluğ yaşına çatmaq;

- dişi fırçalamaq, yumaq orucu pozmaz, bu şərtlə ki, məcun, ya da su boğaza getməsin;

- dişlər qanasa, tüpürcəyi qırmızıya boyayacaq miqdarda qan boğazdan keçsə, oruc pozular;

- diş çəkdirmək üçün iynə vurdurmaq orucu pozmaz – iynədəki maddə vitamin deyildir;

- ağızı yaxaladıqdan sonra ağızda qalan nəm orucu pozmaz;

- qan vermək orucu pozmaz;

- dəriyə krem sürtmək orucu pozmaz;

- oruc tutmaq hamilə, ya da uşağını əmizdirən bir qadına, uşağına zərər verərsə, o, oruc tutmaz, uyğun bir zamanda qəza edər;

- oruclu bir insan özünü tuta biləcəyindən əmindirsə, xanımını (xanım da ərini) öpə bilər;

- kimsə bir başqasının yerinə oruc tuta bilməz;

- xəstə bir adam sağalandan sonra orucunu tutmalıdır, ancaq sağalmaq imkanı yoxdursa, oruc tuta bilmədiyi hər gün üçün fidyə verməlidir;

- fidyə Ramazan ayının orucunu tuta bilməyənlərin yoxsullara verməsi zəruri olan maddi yardımdır – hər gün bir insanı doyuracaq qədər yardım etməkdir;

- Oruclu olarkən çimmək, dənizə girmək orucu pozmaz, ancaq ağız və burundan boğaza su qaçarsa, oruc pozular, oruc dönəmində (imsaq iftar arası) çimmək, dənizə girmək xətalı davranışdır;

- həb, maye, burun damlası biçimində ağız və burun yolu ilə alınan dərmanlar orucu pozar;

- unudaraq yemək orucu pozmaz;

- Bakıda oruc tutmağa başlayan bir insan İstanbula gedərsə, yerli vaxtla (Günəş batanda) orucunu açar;

- namaz qılmayan bir insan oruc tuta bilər;

- Ramazan ayından sonrakı Şəvval ayında altı gün oruc tutmaqla bağlı Allah Rəsulu buyurmuşdur: “Hər kim Ramazan orucunu tutsa, sonra ona Şəvvaldan altı gün artırsa, bütün il oruc tutmuş kimi olar”;

- Ramazan ayında oruc tutmağa gücü çatan hər kəs (zəngin, yoxsul) fitrə verməlidir, bu, yardımlaşma mədəniyyətidir, sevgini, barışı, mərhəməti çoxaldır;

- fitrə (fitir sədəqəsi) bayram namazından öncə verilir, sonra verilsə, fitir sədəqəsi deyil, sədəqə sayılar;

- fitrəyə də niyyət edilməlidir, ancaq fitrə verərkən “al, bu mənim fitrəmdir” deməyə ehtiyac yoxdur, fitrə incitmədən, uyğun bir dil, gözəl üslubla verilməlidir;

- fitrə çarəsiz, miskin, yoxsul insanlara verilməlidir, bir günlük ehtiyacınız fitrə miqdarınızdır;

- Ramazan ayı sona çatanda camaatla bayram namazı qılınır, iki rükətdir;

ALLAH RƏSULU İFTAR-DAN SONRA BU DUALARI ETMİŞDİR:

“Ey Allahım! Sənin üçün oruc tutdum, Sənin ruzinlə orucumu açıram”;

“Ey Allahım! Sənin üçün (Sənin rizanı qazanmaq üçün) oruc tutduq, Sənin ruzinlə orucumuzu açırıq. Onu bizdən qəbul et. Sən eşidirsən, bilirsən”;

“Allaha həmd edirəm. O, mənə yardım etdi, oruc tutdum, ruzi verdi, iftar etdim”;

“Allahım! Səndən hər şeyi əhatə edən rəhmətinlə günahlarımı bağışlamağını istəyirəm”;

RAMAZAN ORUCUNU TUT-MAQ hər müsəlmana (şərtləri uyğun olan) fərzdir – ilahi əmrdir. Bununla birlikdə, başqa aylarda da ilahi rizanı qazanmaq üçün oruc tutmaq olar:

- bir insan hər hansı bir məsələ ilə bağlı oruc tutmağı niyyət etmişsə - söz vermişsə (nəzir orucu), seçdiyi günlərdə oruc tutmalıdır;

- bir insan daha çox savab qazanmaq niyyəti ilə oruc tuta bilər;

- Allah Rəsulu hər həftənin birinci və dördüncü günləri oruc tutmuşdur. O, Özünün və Qurani-Kərimin doğum gününü oruc tutaraq keçirmişdir;

- Şəvval ayında (Ramazan ayından sonrakı ay), bayram günləri istisna olmaqla altı gün oruc tutmağın çox savabı var (bu ayda altı gün ard-arda, ya da fasilələrlə oruc tuta bilərsiniz);

- Aşura günü (məhərrəm ayının onuncu günü) oruc tutmaq müsəlmanlar arasında geniş yayılmışdır;

- hər ayın üç günü (13, 14, 15) oruc tutmaq ənənəyə çevrilmişdir;

- Zilhiccə ayının (həcc ayının) ilk doqquz günündə (onuncu gün Qurban bayramının ilk günüdür – bayram günü oruc tutmaq olmaz) imkanı olanın oruc tutması tövsiyə olunmuşdur;

- haram (toxunulmaz) aylarda – Zilqədə, Zilhiccə, Məhərrəm, Rəcəb aylarında, bəlli günlərdə (adətən, 4-cü, 5-ci, 6-cı günlərdə) oruc tutmaq tövsiyə edilmişdir;

- Allah Rəsulu Şaban ayında – Ramazandan öncəki ayda çox oruc tutmuş, özünü bir aylıq Ramazan orucuna hazırlamışdır;

- günaşırı oruc tutmaq (bir gün tutub, o birisi gün tutmamaq) hz.Davud orucu kimi ad qazanmışdır. Allah Rəsulu buyurmuşdur ki, O mübarək Elçi bu biçimdə oruc tutmuşdur;

 

RAMAZAN AYI İMSAQ-DAN İFTARADƏK YATMAQ AYI DEYİL, ÇALIŞMAQ, OXUMAQ, ÖYRƏNMƏK, XEYRİ, BƏRƏKƏTİ, MƏRHƏ-MƏTİ, PAYLAŞMAĞI, ƏDA-LƏTİ ÇOXALTMAQ, GÖZƏL İŞLƏRƏ TƏŞVİQ ETMƏK, PİS İŞ-LƏRDƏN ÇƏKİNDİRMƏK AYIDIR.

 

2-ci ayənin şərhi: “Sayılı günlərdə... Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığının sayı qədər başqa günlərdə (oruc tutar) və (bunlar arasından) ona gücü çatanlar üzərinə bir yoxsulu doyuracaq fidyə (vermək) zəruridir. Kim daha çox xeyir işlərsə (xeyir işləri olarsa), özü üçün daha yararlı olar, ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin üçün daha xeyirlidir”(Bəqərə, 2/184)

1) “Sayılı günlərdə...”

Mübarək (bərəkətli) Ramazan ayı Qurani-Kərim, təqva, şükür, dua, paylaşma ayıdır. Bu ayda bəlli bir müddət mədəmiz ac qalsa da, ruhumuz doyur, imanımız, hüzurumuz, insanlığımız artır...

UCA ALLAH bizi addım-addım Ramazan ayında oruc tutmağa hazırlayır: yüz səksən üçüncü ayədə imanla oruc tutmaq arasında bağ qurdu, sonra keçmiş ümmətləri xatırlatdı, buyurdu ki, oruc ibadəti insanlıqla yaşıddır, sonra da oruc ibadətinin hikmətini, hədəfini açıqladı – haqqı ilə oruc tutmaq sizi təqvaya qovuşdurar, sizi qoruyar, sizə məsuliyyət şüuru verər.

Şərh etdiyimiz ayə ilahi tərbiyə proqramı olan ORUC İBADƏTİNİ tanıdan ayələrin davamıdır, uca Allah “sayılı günlər” buyurur. “SAYILI GÜNLƏR” ifadəsi ilə bağlı fərqli fikirlər olsa da, ayəni sıradakı yüz səksən beşinci ayə ilə bir arada oxuyanda bu günlərin Ramazan ayını nəzərdə tutduğu aydın olur: “(O sayılı günlər) Ramazan ayıdır ki...”.

Fərz olan Ramazan orucu ilə bağlı ayə Mədinədə, hicrətin ikinci ili nazil oldu (“yazıldı”). Ramazan İslam ay təqviminin doqquzuncu ayıdır. Ay təqviminə (qəməri) görə bu ay iyirmi doqquz, ya da otuz gün olur. Bu müddətdə - sayılı günlərdə imsaqdan iftaradək ibadət niyyəti ilə yeməkdən, içməkdən, cinsi əlaqədən imtina etmək oruc tutmağın əsasıdır, şərtidir, ibadətin maddi yönüdür.

Ramazan orucunun mənəvi yönləri də var, o, ÜÇ NEMƏTİ öyrədir: a) Məkkədə Ramazan ayında nazil olmağa başlayan Qurani-Kərim nemətinə görə uca Allaha şükür etmək - Qurani-Kərimə görə uca Allaha şükür bu biçimdə gerçəkləşə bilər: bu bərəkətli kitabı oxumaq, anlamaq, dəyərlərini həyatına daşımaq – Onun buyurduğu kimi yaşamaq; b) nəfsə nəzarət imkanı qazanmaq - Oruc bizə ağlımızı, qəlbimizi, iradəmizi, duyğularımızı idarə etməyi öyrədir, deyir ki, nəfsinə məhkum deyil, hakim ol. Diqqət edin, nəfsini yox et demir, insan nəfsini yox edə bilməz, fitri olan yox olmaz, nəfsini idarə et deyir, məsələn, şəhvət duyğusu fitridir, nemətdir, belə ki şəhvət olmasa, nəsil artmaz. Uca Allah şəhvət duyğusunu yox et deməz (o halda, bu duyğunu niyə verdin, niyə yox et buyurursan sualları ortaya çıxar). O, bu duyğunu idarə etməyin yolunu göstərər, kəbin (nikah) qanunu qoyar və qoymuşdur. Nikah yolu ilə evlənmək şəhvət duyğusunu verən uca Allaha şükürdür, təbii ki, zina da xəyanət və nankorluqdur. Nikah yolu ilə evlilikdə də, zinada da şəhvət duyğusu var. FƏRQ BUDUR: nikahda şəhvət səni deyil, sən şəhvəti idarə edirsən, zinada isə şəhvət səni idarə edir, nikah yolu azadlığa, zina yolu köləliyə (nəfsin köləliyinə) yol açır, nikahda bərəkət, zinada fəlakət var, nikah sağlamlıq, zina xəstəlikdir; c) oruc proqramı aclığı, susuzluğu tanıdır, nemətlərin dəyərini öyrədir, acları anlamağa, onlara yardıma yönəldir;

2) “... Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutar...”

Oruc tutmağın şərtləri bunlardır: a) müsəlman olmaq; b) ağıllı olmaq; c) büluğ yaşına çatmaq – qızlar aybaşı halını yaşamağa başlayanda, oğlanlar da yuxuda olarkən boşalma (spermin axması) hiss edəndə (biləndə) büluğ yaşına çatmış sayılırlar. Qızlar və oğlanlar on beş yaşınadək bu halları yaşamasalar, on beş yaş büluğ yaşı sayılır.

UCA ALLAH ayədə iki qrupu ayrıca qeyd etmişdir: xəstələr, yolçular. Oruc tutmaq xəstələrə də, yolçulara da fərzdir, ancaq onlar xəstə, ya da yolçu olduqları Ramazan ayında deyil, daha sonra (sağaldıqdan, yolçuluq bitdikdən sonra) günə gün qəza edərlər. Xəstəlik oruc tutmağa mane olacaq səviyyədə deyilsə, yolçu olan bir şəxsin oruc tutmağa gücü çatırsa, xəstə, ya da yolçu (səfəri) oruc tuta bilər, əks halda, o müddətdə oruc tutmamalıdırlar.

Cabir bin Abdullah rəvayət edir: ALLAH RƏSULU fəth ili Məkkəyə doğru yola çıxmışdı. Kuraul-Qəmim deyilən yerə çatdı. O da, səhabə də oruclu idilər, yəni səfərə oruclu çıxmışdılar. Allah Rəsuluna bu xəbər verildi: oruc tutmaq insanlara çətin gəlir, onlar Sizin etdiyinizə baxıb dururlar (yəni sizə görə canlarını dişlərinə tutub oruclarını pozmurlar). Allah Rəsulu ikindidən sonra bir bardaq su istədi, insanların gözü önündə suyu içdi. Bu halı görənlərin bir qismi orucunu açdı, bir qismi isə oruc tutmağa davam etdi. Orucunu pozmayanların olduğunu eşidən Allah Rəsulu buyurdu: onlar itaət etmirlər, onlar üsyan etmişlər.

Bu hədisi xəstəlik, ya da yolçuluq zamanı oruc tutmaq yasaqdır kimi oxumamalıyıq. Belə ki hədis oruc tutacağı halda sağlamlığı pozulacaq xəstə və yolçuları nəzərdə tutur. Oruc tutan bir xəstənin xəstəliyi artırsa, sağlamlığı çökürsə, yolçuluq məşəqqətə çevrilirsə, Allah Rəsulu bu halda oruc tutmağı üsyan kimi dəyərləndirir. Oruc tutan bir xəstənin, ya da yolçunun sağlamlığı zərər görmürsə, istəsə, oruc tuta bilər, oruc tutması daha xeyirli olar.

 

Ardı var...