Səlim Müslümovun dövründə baş verənlərin cəzasını indi əlillər çəkir

15:07 01-05-2021 216

"Səlim Müslümov nazir olduğu dövrdə əlillərin sayında əhəmiyyətli artım baş verib. Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib". Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı Qubad İbadoğlu  bildirib ki, həmin dövrdə əlilliyi olmayanlar əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb: "Onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib. Hazırda bu səbəbdən bütün əlillər yenidən, özü də 3-4 pilləli yoxlanışlardan keçirilir və bu dövrdə onlara ödənişlər dayandırılır.

Yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib ki, "2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”.

Heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, bəs gerçək əlillərə necə əlillik dərəcəsi düzgün verilirmi?". 

İqtisadçı Qubad İbadoğlu qeyd edib ki, əlilliyinin yoxlanılması dövründə gerçəkdən əlil olanların itirdikləri pensiya və ya müvainətlərin ödənişi dayandırılır: "Pensiyası və müavinəti kəsilən gerçəkdən əlil olanlar bu dövrdə nəylə dolanmalıdır? Bu barədə düşünən varmı?".

Qeyd edək ki, bu ilin fevralın 4 -də Dövlət Təhlükəsizliyi Xidməti sabiq nazir Səlim Müslümovun həbsi ilə bağlı məlumat yayıb. 

DTX-nin saytının məlumatına görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıl­ıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyənləşib. 

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyənləşib.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.