Ceyhun Bayramov: “Ermənistan əldə olunmuş razılaşmaları pozur”

15:13 01-05-2021 225

“Məqsədimiz məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün şərait yaratmaqdır. İndi orada heç nə yoxdur, hər şey məhv edilib. Bu ərazilərin sözün əsl mənasında minalarla “zəhərlənmiş” olması hər şeyi qəlizləşdirir”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və bununla da əldə olunmuş razılaşmaları pozur: “Məcburi köçkünlərin işğaldan azad olan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır”.

Nazir bildirib ki, bu torpaqlarda infrastrukturun dağıdılması barədə litvalı həmkarını məlumatlandırıb: “Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina xəritələri verməkdən boyun qaçırır və hərbi cinayətini davam etdirir. 10 noyabrdan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Ermənistana təzyiq artırılmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalıdır”, - deyə XİN başçısı vurğulayıb.