Muxtar Babayevin NƏZƏRİNƏ: Qax meşələrinin başı üzərini ciddi təhlükə alıb

15:18 01-05-2021 216

Qax rayonunda meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara "qaş üstə, gözün qar var” deyən yoxdur. Rayondakı mənbəmiz tərəfindən Qax meşələrinin son 20 ildə necə amansızlıqla məhv edilməsi barədə sensasion məlumatlar da daxil olub.

Mənbə cumhuriyyet.az-a bildirir ki, rayonun meşə zolaqlarında daha dözülməz vəziyyətin əmələ gəlməsinə səbəb, məhz rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin çarəsiz, çıxılmaz durumuna düşməsidir.

Məlumat üçün bildirmək istərdik ki, rayonun meşə zolaqlarında çox qiymətli ağac növləri bitir və onların əksər hissəsi də kəsilərək, mebel istehsal etmək üçün qonşu Rusiya və Gürcüstan dövlətlərinə göndərilir. Kəsilmiş ağaclardan bəziləri müxtəlif növ mebellər düzəltmək üçün yararsız olduğundan, onlardan yanacaq kimi də istifadə etmək üçün satılır. Təəccüb və təəssüf doğuran hal o olur ki, meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara isə, "qaşın üstə qar var” deyən yoxdur.

Qaxda meşə zolaqlarının məhvi təqribən 15-20 ildir ki, başlanılıb və mütəmadi olaraq davam edir, amma bununla bağlı hər hansı tədbir də görülmür. Rayonda bir çox vəzifə sahiblərinə, ayrı-ayrı şəxslərə məxsus sexlərə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər növ qiymətli ağaclar gətirilir, ilkin emaldan sonra müxtəlif ünvanlara daşınır.
 
Rayonda yaşayan məlumatlı şəxslər cumhuriyyet.az-a onu da bildirir ki, meşə təsərrüfatının "İlisu Dövlət Qoruğu” ərazilərindəki meşə zolaqlarına da rəhm olunmur, kəsilib doğranır və müxtəlif məqsədlər üçün də istifadə olunur. Belə bir səbəblər üzündəndir ki, adıçəkilən qoruq ərazisində nadir ağac növlərinin nəsli kəsilmək üzrədir. Baş verən xoşagəlməz durumla bağlı, yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarına rəhbərlik edənlər də məsuliyyət daşıyırlar.
 
Bir müddət bundan əvvəl, "İlisu Dövlət Qoruğu”na yaxın ərazilərdə yaşayan sakinlər əməkdaşımıza bildirirlər ki, "artıq bu yerdə ağacların nəsli kəsilmək üzrədir” desələr də, bir kimsə sakinlərin həyacan təbilinə məhəl belə qoymurlar. Bəli, bu gün tam əksəriyyətin yekdil rəyi belədir ki, Qax meşələrinin başı üzərini ciddi təhlükə alıb.
 
Hesab edirk ki, aidiyyatı dövlət orqanları faktları Qax rayonunun dağdibi kənd meşələrində Güllükdə, Süskənddə, Çinarlıda, Qumda, Sarıbaşda, İlisuda, Qaşqaçayda, Zəyəmdə, İbaxlıda, araşdırsalar həqiqətən son 15-20 il ərzində on minlərlə qiymətli ağacların məhv edildiyinin şahidi olarlar. Çünki bu məhv edilmiş bütün ağacların kəsilmiş kötükləri hələ də qalmaqdadır.