Sabiq müavinin şirkəti 42 minlik tenderin qalibi oldu - Salyanda "unikal" tender

21:34 02-05-2021 189

Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların sifarişçi olduqları dövlət satınalmalarında korrupsiya hallarının olması barədə yerli mediada uzun illərdir ki, yazılır. 

Bu cür satınalmalarda korrupsiya faktlarının əsas predmetləri qiymətlərin şişirdilməsi, əvvəldən sövdələşmə hallarının olması və saxta şirkətlərin qalib elan edilməsidir. 

Maraqlıdır ki, son zamanlar rəsmi qurumların sifarişçi olduqları dövlət satınalmalarında rastlanan neqativ hallardan biri də, qalib elan edilən şirkətin dövlət büdcəsinə külli-miqdarda vergi borcunun olmasıdır. 
 


Azərbaycan Respublikasının Dövlət Satınalmaları Haqqında qanununa görə isə satınalmalarda iştirak edən təşkilatların tender komissiyalarına təqdim edəcəyi sənədlərdən biri də vergi borcunun olmaması barədə müvafiq rəsmi qurumların arayışının olmasıdır. 

Qlobal.az xəbər verir ki, yuxarıda qeyd edilən neqativ məqamların bir çoxunun yer aldığı satınalmalardan birini də Salyan rayon Gənclər və İdman İdarəsi həyata keçirib. Belə ki, Salyan rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin mart ayının 9-da yekun vurduğu iki lot üzrə satınalmanın ümumi məbləği 42.725 manat təşkil edib.

Qurumun "medal və kubokların alınması" (smeta 20.600) və "hədiyyələrin alınması" (smeta 22.125) lotu üzrə sifarişçi olduğu hər iki satınalmanın qalibi "H-ARAL" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 

5 manatlıq MMC, külli miqdarda vergi borcu
 

 

Salyan rayon Gənclər və İdman İdarəsinin sifarişçi olduğu dövlət satınalmasının qalibi elan edilən "H-ARAL" MMC 2018-ci ilin avqust ayının 8-də dövlət qeydiyyatına alınıb. 


Beş manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Salyan şəhəri, Y. Zargərli, ev 30 ünvanıdır. 

Şirkətin qanuni təmsilçisi Mənsimov Hüseynqulu Xanəli oğludur. 

Hüseynqulu Mənsimov əvvəllər Salyan rayon İcra Hakimiyyətinin başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 

"H-ARAL" MMC-nin fəaliyyət profili və hansi lisenziya və sertifikatlara, eləcə də rəsmi işçi qüvvəsinini sayı barədə məlumatlara rast gəlinmir. 

Satınalmanın arxasında kimlər dayanır?
 


Ölkədə koronavirus pandemiyasının geniş yayıldığı, bütün kütləvi tədbirlərin ləğv edildiyi bir dönəmdə Salyan rayon Gənclər və İdman İdarəsinin "medal və kubokların alınması" və "hədiyyələrin alınması" kimi təkrarçı satınalma həyata keçirməsi bir sıra şübhələrə yol açır.

Qalib elan edilən şirkətin vergi borcunun olması və ən əsası bu şirkətin qanuni təmsilçisinin əvvəllər Salyan rayon İcra Hakimiyyətində yüksək vəzifə tutması şübhəli məqamları daha da artırır. 

Qeyd edək ki, regionlarda fəaliyyət göstərən idarə və müəssisələrin sifarişçi olduqları satınalmalarda "otkad" hallarının olması barədə geniş məlumatlar yayılır. 

Bu cür məlumatlardan biri də ötən ilin may ayında yayılmışdı. O zaman Dövlət Təhlükəsizlik Xidmətinin İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.

Mənbə Qlobal.az