Bakı Sağlamlıq Mərkəzi xəstəxanasının zərəri 7 milyon manata yaxınlaşıb

21:23 04-05-2021 234

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsi ötən ili böyük zərərlə başa vurub.

Yeniavaz.com “Bakı Sağlamlıq Mərkəzi”nin açıqladığı maliyyə hesabatına istinadən bildirir ki, səhiyyə müəssisəsinin ötən il üçün xalis zərəri 6 milyon 724 min manat olub.

Əvvəlki illə müqayisdə “Bakı Sağlamlıq Mərkəzi”nin zərəri 343 min manat artıb. Hesabat dövründə “Bakı Sağlamlıq Mərkəzi”nin gəlirləri 15 milyon 495 min manat, xərcləri isə 22 milyon 219 min manat olub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli mərkəzin 4 il ərzindəki fəaliyyətini diqqətə çatdırıb: “Prezident İlham Əliyev 2014-cü il yanvarın 7-də Bakı Sağlamlıq Mərkəzinin açılışını etdi. Büdcədən ayrılan vəsait hesabına Mərkəzin inşasına 2010-ci ildə başlanıb. İşlər yarımçıq qalmasın deyə, 2011-ci il iyulun 9-da Prezidentin ehtiyat fondundan əlavə olaraq 5 mln. manat ayrıldı. Prezident sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəznində Publik Hüquqi Şəxs yaratdı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun. Lakin mərkəz hər il zərər edib.

“Bakı Sağlamlıq Mərkəzi" 2020-ci ili 6 milyon 724 min manat xalis zərər ilə başa vurub. Bildirim ki, mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlayıb,beləliklə, ötən il mərkəzin zərəri artıb. Publik şəxs etdilər ki, mərkəz gəlirlə işləsin, amma hər ili xalis zərərlə başa vurub. Bu bir kənara, 2017-ci ildə Publik Hüquqi Şəxsə çevriləndə qurumun nizamnamə kapitalı 75 mln. 714 min manat idi, 2020-ci ilin sonuna isə nizamnamə kapitalı azalaraq 56 mln. 30 min manat təşkil edib, yəni bu illər ərzində nizamnamə kapitalı 19 mln. 683 min manat “əriyib”.

Natiq Cəfərli qeyd edib ki, ölkədə dövlət-məmur “kapitalizmi” mövcuddur:

“Bütün layihələr gələcəkdə gəlirlə işləməyə deyil də, təmir-tikinti zamanı büdcəni “sökməyə”, avadanlıq alarkən büdcəni “sağmağa”, işlədərkən isə xərcləri şişirdərək “ziyanla” işlədiyini göstərib həm pul mənimsəməyə, həm də vergidən yayınmağa hesablanıb. Digər sahələrlə yanaşı səhiyyə kimi strateji, sosial məsələdə də eyni yanaşmanın olması hakimiyyət üçün utancvericidır.  Dövlət-hökumət iqtisadiyyatda ən pis menecerdir, dünyada da belədir, sadəcə bizdə o qədər eybəcər məmur-korrupsiya sistemidir ki, bütün yaxşı ideyaları da batırırlar. Dövlət iqtisadiyyatda birbaşa oyunçu olmamalı, ən yaxşı halda “startup” rolunu oynamalıdır”.

Qeyd edək ki, “Bakı Sağlamlıq Mərkəzi” 2014-cü ilin yanvar ayından istifadəyə verilib.