Bakı Baş Gömrük İdarəsində daha bir vəzifəli şəxs həbs edildi: Səfər Mehdiyev həbslərə münasibət bildirdi

22:05 24-05-2021 504

Bakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib. APA-ya istinadən məlumatına görə, Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və Azər Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Baş Gömrük İdarəsindəki həbslərə “qafqazinfo”ya verdiyi müsahibəsində aydınlıq gətirib:

"Bakı Baş Gömrük İdarəsində qeydə alınan fakt da birbaşa Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən nəzarətə götürülüb, müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib.

Hazırda fakt üzrə araşdırma aparılır və gömrük orqanları gömrük işinin təşkili prosesində ortaya çıxan neqativ halların qarşısının alınmasında təşəbbüskar və maraqlı olan tərəfdir. Lakin çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar."

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçib. Onu da qeyd edək ki, Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur. 

Xatıradaq ki, Əlövsət Baxşıyev 2000-ci ilin fevralın 11-dən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışıb. Əlövsət  Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.