Korrupsionerin direktorluğa müəmmalı təyinatı - İnam Kərimovun bundan xəbəri var?

14:48 26-05-2021 414

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov korrupsiya və dələduzluq əməlləri ilə ad çıxaran Zamin Məmmədovu Mərkəzi Aran Regional İdarəsinə direktor təyin etmək istəyir.

Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinə yeni təyin ediləcək direktor indidən narazılıq yaradıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı sosial şəbəkədə paylaşılan məlumatlarda yeni təyin ediləcək direktor keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın qohumu və ixtisasca baytar olan Zamin Məmmədovdur.

Qeyd edək ki, Zamin Məmmədov bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işləyib, korrupsioner və dələduz məmur kimi ad çıxarıb.

Məlumata görə, bu vəzifəyə Zamin Məmmədovu “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov təyin etmək istəyir. Zamin Məmmədovun Fəda Abbasovun həyat yoldaşının qohumu olduğu deyilir.

Qeyd edilir ki, Zamin Məmmədov direktor təyinatı almamış artıq onun adamları Beyləqan rayonunda yerləşən Mərkəzi Aran Regional İdarəsinin torpaqlarını satışa çıxarmağa başlayıb. Belə ki, yeni direktor olacaq Zamin Məmmədovun adamı kimi özünü təqdim edən Vaqif İsmayılov adlı şəxs 2 gündür müxtəlif şəxslərlə toplantı keçirərək savxozun torpaqlarını necə ələ keçirilməsi planlarını müzakirə edirlər.

Zamin Məmmədov Mərkəzi Aran Regional İdarəsi ilə tanış olmağa gələndə isə onun arxasında sabiq nazir Ziya Məmmədovun və Fəda Abbasovun dayandığını açıq şəkildə dilə gətirib.

Məlumatda vurğulanır ki, əslində Beyləqan Mərkəzi Aran Regional İdarəsində sonuncu direktoru olmuş Hikmət Ağayev də işlərinin öhdəsindən düz-əməlli gələ bilmirdi. Ancaq buna baxmayaraq keçmiş direktor vətəndaşlardan çəkindiyi üçün savxozun torpaqlarını satmırdı. Ancaq direktor təyinatı təsdiq edilməyən Zamin Məmmədovun adamları indidən qarğa-quzğun kimi Mərkəzi Aran Regional İdarəsinin torpaqlarına hücum çəkiblər.

Görünür “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov korrupsioner və dələduz qohumu Zamin Məmmədovun əli ilə savxozun münbit torpaqlarını kənardan gələn müxtəlif iş adamlarına satmaqla varlanmaq niyyətindədirlər.

Beyləqan sakinlərindən əldə etdiyimiz məlumata görə, Mərkəzi Aran Regional İdarəsində baş verənlərdən Kənd Təsərrüfatı Naziri İnam Kərimovun xəbəri yoxdur. Çünki Fəda Abbasov bu təyinatı gizli həyata keçirmək istəyir. Nazir İnam Kərimov adı korrupsiya və dələduzluğa bulaşmış Zamin Məmmədov kimi birisinin direktor təyin edilməsini istəməzdi. Çünki Zamin Məmmədov və ətrafı Mərkəzi Aran Regional İdarəsinin torpaqlarını dağıdacaqlar.

Qeyd edək ki, ötən il mətbuatda ilə 23 nəfər usta və fəhlənin adından Zamin Məmmədovla bağlı ölkə başçısına və Daxili İşlər naziri Vilayət Eyvazova şikayət ünvanlanıb. Həmin şikayətdə fəhlələr bildirirdi: “Ötən ilin may ayından dekabr ayının sonuna qədər Məmmədov Zamin Fərhad oğlunun Nərimanov rayonunun Maqsud Əlizadə küçəsi 68 ünvanındakı 4 mərtəbəli evini və həyətini Avropa standartlarına uyğun yüksək səviyyədə təmir etmişik, qara qul kimi gecə-gündüz fəhləlik etmişik. Onun yağlı vədlərinə inanaraq bizə etibar edən ticarət şöbələrindən on min manatlarla nisyə material alıb işlətmişik. Son nəticədə 37 min 716 manat yığılıb qalmış pulumuzu istədikdə isə onun təhqirlərinə məruz qalmışıq”.

Şikayətçilər qeyd ediblər ki, Zamin Məmmədov onlarla bərabər xeyli sayda digər şəxsləri də aldadıb: “Biz onun qapısında işləyəndə hər gün onlarla insan borc pul dalınca ünvanına gəlir, onu evdə tapa bilmirdilər… Biz artıq hiss edirdik ki, haqqımızı ala bilməyəcəyik və bizi də eyni aqibət gözləyir. Lakin işimizi də yarımçıq qoymaq istəmirdik, vəziyyətdən çıxış yolu axtarırdıq. Neçə müddətdir Zamin Məmmədovun ətrafında apardığımız müşahidələr göstərir ki, onun hiylə yolu ilə aldadıb malını, pulunu varidatını ələ keçirdiyi insanların sayı yüzlərlədir”.

Bundan başqa Zamin Məmmədov Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işlədiyi dövrdə “Şərq Bazarı” Ticarət Kompleksinin rəhbərliyindən və bazarın satıcılarından hiylə yolu ilə üst-üstə külli miqdarda pullarını alaraq onları aldadıb. Həmin vaxt Zamin Məmmədov satıcılara söz verib ki, “Şərq Bazarı”nda alış-verişin canlanması məqsədilə həmin əraziyə əlavə avtobus marşrutları açdıracaq. Zamin Məmmədovun Nəqliyyat Departamentində rəis müavini işlədiyi dövrdə xeyri sayda sahibkarı aldatması və hələdə onlardan mənimsədiyi pulları geri qaytarmadığı bildirilir.

Korrupsiya və dələduzluqla məşğul olan bir şəxsin Mərkəzi Aran Regional İdarəsinə direktor təyin edilməsi isə biabırçılıqdan başqa bir şey deyildir.