Ən sadiq dost...

19:25 26-05-2021 360

Əsrlər qədər yaşı olan yaşıdımız

 Hamı, bəlkə də əksəriyyət qəbul etməsə də, düşünürəm ki, həyatda uğur qazanmaq istəyən istənilən kəs öncə kitablarla tanış olmalıdır. Bəli, əvvəlcə tanış, sonra da dost.

 Çoxlarından eşitmişəm ki, dostlarından əvvəl kitablarla tanışlığı olub. Hər halda, ciddi və gələcəyin dürüst adamlarının əksərinin həyatında bu, mütləq baş verib. Doğrudan da, kitaba maraq, mütaliə sevgisi ən təhlükəsizi olduğundan, insanın həyatında çox, olduqca böyük rol oynayır. Amma baxır hansı müəllifi və hansı kitabı oxuyursan. Çünki, istisnasız olaraq, hamının, bütün ölkələrin, millətlərin, yerli və dünya ədəbiyyatının oxunmalı, oxunaqlı və oxuna bilinməyən əsərləri var. Bu, qeyd-şərtsiz belədir, çünki yaradıcılıq da zamanla müəyyən mərhələdən, eniş-yoxuşdan, yüksəlişdən keçir. Onsuz ədəbiyyat da öz missiyasını əbədən saxlaya bilməzdi. Ədəbiyyat adına daimiliyini, əbədiyaşarlığını saxlayan nümunələri başqasından bəs, necə ayırmaq olardı?!

...90-cı illərdə bütün ölkədəki vəziyyət kiminsə yadından çıxmayıb, yəqin ki. Əksəriyyətin, bəlkə də hamının ortaq dərdi, problemi olan ərzaq təchizatından, daha dəqiqi, qeyri-təchizatdan danışmağına da dəyməz bu məqamda. Böyüklü-kiçikli, hamı bu məsələylə bağlı, yəni o illərdən, çətin dönəmdən salamat keçmək haqqında düşünürdü. İttifaqın dağıldığı və əslində, keçid adlansa da, bütöv bir ömrə bərabər olan o dönəmi “sonu görünməyən keçid” adlandıranlar da vardı. Şərəfli olsa da, çətinliklərlə dolu həmin olum-qalım dönəmində belə, kitaba, mütaliəyə olan maraq, həvəs birdəfəlik sönmədi, ölmədi. 90-cıların simasında maraqla qarşılanan, yeni fikir, söz, qələm sahibləri meydana gəldi. Baxmayaraq ki, o dönəmdə kütləvi şəkildə bambaşqa bir durumda idi hamı... Əslinə qalsa, min illərdir kitablar yazılır, yaranır, yaşayır. Onları oxuyanlar olmasaydı, kitablar yaranardımı? Demək, maraq həmişə olub. O marağın çox olmasında rol almaq istəyənlərdir, kitabı, mütaliəni, sadəcə, oxuduqlarını məsləhət və tövsiyə etmək.

Oxumaq, yazmaq, yazılanları oxumaq, oxuduğumu, yazılanları dəyərləndirmək ən çox öhdəsindən gəldiyim, həm də sevdiyim işdi. Səviyyə gözləntisini isə kimdənsə ummamışam, belə yazılmalıydısa, elə bu cür də alınmalıydı, düşünmüşəm. Necə ki yaradılanların hamısı birmənalı şəkildə mükəmməl və ya, əksinə olmur. Əslində, yaradılanları, yaradıcılığı olduğu kimi qəbul etmək ən məntiqli yanaşmadır. Bir də ki, hamı birmənalı şəkildə mükəmməl və yaxud əksinə olsaydı, yazsaydı, o zaman onları bir-birindən necə fərqləndirmək, ayırmaq olardı?!

...Kəm-kəsirsiz, lazımlı və ya, hər cür lazımsız məqamlarla dolu ömrümüzdə ağa-qaraya, acı-şirinə və s. çox ehtiyac var. Ən azından, gecəni aydın səhərə görə “bağışlayırıq”. Səhərlərin bizə yaxşı, ya pis, yüklədiyi hər yorğunluqdan çıxışı isə gecələrdən gözləyirik. Və beləliklə, insan övladı ona hesablanan nə varsa, hamısını həzm etməyə qadirdir. Yoxsa, başqa canlılardan fərqləndiyimizlə necə öyünərdik?!

...Uzun və yaxud qısa, qismətə yazılan ömürdə çox şeylərdən keçirik. Bəzən onun adına sınaq, imtahan da deyirlər. Deməli, oxudun, ya da oxumadın, hansısa formada imtahan səni gözləyir. Onun ömrünün əvvəlində, ortasında, axırında olmasını bilməzsən. İmtahan fərqinə varmadığın, ağlına gətirmədiyin məqamların gözlənilməz qonağıdır. Amma hazırlığının olub-olmamasına baxmır bu çətin, sənin üçün “keçilməz dağ” olan sınaq. Ondan ən az zərərlə, bəlkə də ən böyük qələbəylə keçmək üçün görəsən, nə lazımmış?!

Onun cavabı sadədir. Oxumağı, ən başından, kitab oxumağı hər zaman tövsiyə edək və etməliyik. Doğrudur, kimlərsə ona dərs keçməyi, məsləhət verməyi xoşlamaz. O zaman, ən etibarlı məsləhətçiyə müraciət edəkmi?! Necə deyərlər, bir kitab oxumaq neçə dəyərli insanla həmsöhbət olmağa bərabərdir...

O, hər birimizin ən yaxın dostu, bizə xəyanət etməyənlərin ən sədaqətlisidir, çünki. Yetər ki, özümüz ondan üz çevirməyək. İnanın ki, o da heç zaman bizi naümid qoymaz.

Kitab! Dostu-düşməni, yaxını-uzağı, pisi-yaxşını, ağı-qaranı bizə göstərən əsl dost. Belə təmənnasız dostla qarşılaşmaq üçün onu kiməsə məcburi şəkildə oxumağımı məsləhət edək? İndi heç kim məcburiyyəti sevmir, hamı azaddır axı!

O zaman təmənnasız dostluğa yolçuluq üçün kitabı başqa bir yolla təbliğ edək. Onu bilərəkdən parkda, skamyanın üstündə, ağacın dibində, məktəbdə partanın “gözü”ndə buraxaq. “Unutmuş” olduğunuz dostu kimsə mütləq tapacaq və onun nədən buraxıldığına maraqla, vərəqlərini çevirəcək. İlk tanışlıqdan qocaman dostluğa qədər uzanan nümunələri azmı eşitmişik?

Sonda bir neçə cümlə də bugünlərdə iştirakçısı, tamaşaçısı olduğumuz “Avroviziya” müsabiqəsi barədə. Ona görə ümumi şəkildə iştirakçısı deyə qeyd edirəm ki, ordakı fərd cəm halında ölkəmizin siması demək idi. Tamaşaçı sözünü işlətməyimin məqsədi isə oradakı təqdimatın bir nüansla səs-küyə, müzakirələrə səbəb olmasıdır...

Təkrarçılıq olmasın, dediyim kimi, dünyanın hər tərəfini, elə hərtərəfli formada kitablar bizə tanıdır, öyrədir. Görəsən, nədən bixəbərliyin təzahürüdür ki, başımızın üstündə, ürə-yimizdə, bir sözlə, ən qiymətli yerdə saxlamalı olduğumuz bayrağa o şəkildə münasibət sərgiləndi?!

 Nigar Orucova